Zülfüqar Mikayılzadə: "İnsan dəyərlər uğrunda mübarizə aparmalıdır"

"Bu həbslər həm bizim üçün, həm də cəmiyyət üçün faydalıdır"

Bu sözləri iyulun 10-da "Nardaran işi 3" üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən Zülfüqar Mikayılzadə deyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. 

Rakurs TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesin əvvəlində ilahiyyatçı Zülfüqar Mikayılzadə çıxış edib. O, üzünü zalda əyləşənlərə tərəf tutaraq, onları cümə günü münasibəti ilə təbrik edib:

"Bu gün cümə günüdür. Cümə günündə insanlar məscidlərə toplaşmaqla birlik nümayiş etdirirlər. Sizlər də bu gün bura gəlməklə birliyinizi göstərirsiniz. Bütün bunlar Allah tərəfindən mükafatlandıracaq. Necə ki, baramaqurdu bir müddət öz hördüyü torun içində qalmasa, kəpənəyə çevrilə bilməz, onun kəpənəyə çevrilib uça bilməsi üçün bir müddət məhdudiyyət içində qalması lazımdır, eləcə də, insan da kamilliyə çatmaq üçün bir müddət məhdudiyyətlər içində olmalıdır. Bu həbslər də, bu baxımdan həm bizim üçün, həm də cəmiyyət üçün faydalıdır. İnsan dəyərlər uğrunda mübarizə aparmalıdır. Bir insan dəyərlər uğrunda mübarizə aparmırsa, deməli onun üçün heç bir dəyər yoxdur".

Bundan sonra məhkəməyə şahidlərin gəlmədiyi məlum olub. Hakim şahidlər Bəxtiyar Aşurov və Mirkərim Əliyevin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar verib.

Növbəti proses iyulun 17-ə təyin olunub.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər. Təqsirləndirilənlər isə günahsız olduqlarını, polislərin digər polis əməkdaşları tərəfindən öldürüldüyünü deyirlər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hazırda onların apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilir. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.