Zəlzələ nəticəsində rayonlara dəyən ziyan açıqlanıb

Tərtərdə üç ev tamamilə dağılıb 

Noyabrın 15-i, gecə 23:48 radələrində baş vermiş zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlanıb.

Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev “Report”a deyib ki, zəlzələ zamanı rayon ərazisində 150-yə yaxın evə ziyan dəyib.

“Daha çox məcburi köçkünlərin məskunlaşdığı Meşəçilik massivində yaşayış evlərinə ziyan dəyib. Həmin massivin ərazisində bir ev tamamilə dağılıb”. 

Ağdam RİH-in başçısı Raqub Məmmədov rayonda 5.7 bal gücündə zəlzələ qeydə alındığını bildirib:

“Baş verən zəlzələ nəticəsində rayon ərazisində 127 evə, 1 məktəb binasına ziyan dəyib. Bundan başqa, rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağılıb”.

Tərtər RİH-in başçısı Müstəqim Məmmədov isə rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə daha çox ziyanın dəydiyini vurğulayıb:

“Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə tamamilə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və zəlzələ zamanı tövlədə heyvanları yemləyən kənd sakini dağıntıların altında qalaraq xəsarət alıb”. 

foto Trend

Təbii fəlakətlə bağlı hər üç rayonda ziyanların hesablanması üçün araşdırmalara başlanılıb.

Ötən gün Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən "Transneft" şirkəti Azərbaycandan neft nəqlini dayandırıb.

RİA "Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli zəlzələdən sonra həmin ərazidə enerji boşalmaları gedir, ona görə yeraltı təkanların olması normaldır.

“Episentrdə 30-dan çox avterşok qeydə alınıb. İlk dəfə baş verən güclü zəlzələdən sonra gecə saatlarında bir dəfə 3 bal gücündə zəlzələ hiss olunub. Digər yeraltı təkanlar zəif olub. Episentrin əvvəlki sakit vəziyyətinə qayıtması üçün enerji boşalmaları davam edəcək. Ancaq həmin ərazidə yenidən güclü zəlzələ təhlükəsi yoxdur”.

Q. Yetirmişli İranda baş verən zəlzələ ilə Azərbaycan ərazisindəki zəlzələ arasında əlaqə görmür:

Qurban Yetirmişli, foto: Report

“İranda baş verən güclü zəlzələnin dünənki zəlzələnin baş verməsinə heç bir təsiri olmayıb: “İrandakı zəlzələ Azərbaycandakı zəlzələ ilə geoloji quruluş və tektonik qırılmalar baxımından əlaqəli deyil”. 

Noyabrın 12-də İran-İraq sərhədində 7 bal gücündə zəlzələ olub.

2500 nəfər yaralanıb.  

Azərbaycanda noyabrın 15-i saat 23:48-də baş verən zəlzələnin episentri Ağdam rayonunda, yerin 25 kilometr dərinliyində olub. Yeraltı təkanların gücü 5,7 bal olub. Təkanlar Bərdə, Tərtər, Ağcabədi, Zərdab, Ucar, Ağdaş rayonlarında hiss edilib.