Zəka Mirağayev axtarışa verildi

İyulun 10-da Yasamal rayon Məhkəməsində BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin tələbəsi Zəka Mirağayevə qarşı iddiası üzrə məhkəmə keçirilib.
 
Meydan TV-nin məlumatına görə, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda Zəka Mirağayev növbəti dəfə iştirak etməyib.
 
Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbə haqqında həbs-qətimkan tədbirinin seçilməsini təklif edib. N.İsmayılzadə də vəkili ilə razı olduğunu deyib.
 
Z.Mirağayevin vəkili Elçin Sadıqov isə bildirib ki, məhkəməyə gəlməyən şəxs haqqında öncə məcburi gətirilmə qərarı çıxarılmalı, sonra başqa tədbirlərə əl atılmalıdır.
 
Müşavirədən sonra hakim Zəka Mirağayevin axtarışa verilməsi haqda qərarı elan edib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Zəka Mirağayev tapılıb gətirilənə qədər məhkəmədə bu işin icraatı dayandırılıb.
 
Ötən iclas da Z.Mirağayev məhkəməyə gəlməmişdi. Daha sonra onun ölkədən getdiyi məlum olub.
 
BDU-nun "İlahiyyat" fakültəsinin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mətbuata açıqlamalarında Nigar İsmayılzadənin dekan müavini təyin olunandan sonra rüşvət hallarının artdığını deyib.
 
Dekan müavini də buna görə onu məhkəməyə verərək, CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cəzalandırılaraq, həbs olunmasını tələb edib.
 
N. İsmayılzadə Azərbaycanın Yapoyniyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.