Əziz Orucovun şikayəti təmin edilmədi

Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə qaldı

Sentyabrın 8-də Bakı Apelyasiya Məhkəməsi “Kanal 13” internet kanalının Bakı bürosunun rəhbəri Əziz Orucovun şikayətini təmin etməyib. 

Bu barədə məlumatı vəkil Cavad Cavadov yayıb. Vəkilin sözlərinə görə, şikayət Əziz Orucovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılmasına dair qərardan verilib. 

Avqustun 29-da Nəsimi Rayon Məhkəməsi Ə.Orucovun həbs müddətini daha 3 ay uzadıb. 

O, mayın 2-də 30 sutkalıq inzibatı cəza alıb. İnzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucovun barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu "Qafqaz Media Təhqiqatları" İctimai Birliyi və "Kanal 13" ilə bağlıdır.