Əziz Orucov: Deputat bizdən 40 min təzminat tələb edir

Əziz Orucov: Deputat bizdən 40 min təzminat tələb edir

Fəzail Ağamalı: "Onlardan nə pul, nə də başqa şey istəyirəm, sadəcə, onlar təkzib versin" 
 
Ana Vətən Partiyasının sədri, Deputat Fəzail Ağamalı "Kanal 13” internet kanalını məhkəməyə verib.
 
Bu barədə Toplum TV-yə "Kanal 13”ün rəhbəri Əziz Orucov məlumat verib.
 
Əziz Orucov bildirib ki, deputat "Kanal 13”ü şərəf və ləyaqətin alçaldılması, izgüzar nüfuza xələlgətirmə ittihamı məhkəməyə verib: "Bizdə "Bumerang” verilişi yayımlanır. Veriliş mətbuatda çıxmış yazılar haqda – məmurlar barəsindədir. Əsasən məmurların əldə etdiyi əmlaklar haqqındadır, çünki bu barədə açıqlama vermirlər. Bizdə də həmin yazılar əsasında hazırlanmış olan "Bumerang” verilişində Fəzail Ağamalı haqqında da hissə gedib. Veriliş hazırlananda da Fəzail bəy ilə əlaqə saxlanılaraq məsələyə münasibət öyrənmək istənilib, amma o da münasibət bildirməkdən imtina edərək heç nə demək istəmədiyini bildirib”.
 
Əziz Orucovun sözlərinə görə, materialda istifadə olunan faktlar onun özü və ailəsi tərəfindən təsdiq olunub.
 
Kanalın rəhbəri deyir ki, deputat məhkəməyə verdiyi iddia ərizəsində 20 min manat "Kanal 13”dən 20 min manat da aparıcıdan təzminat tələb edir: "Ana Vətən Partiyasının adı keçmədiyi halda belə  kanaldan 20 min təzminat tələb edir. Şərəf və ləyaqətin alçaldılması haqqında danışır, amma bunu pulla ölçür. Deyir kİ, mənim əmlakım ailə sirridir”.
 
Əziz Orucovun fikrincə, iddia ərizəsinin Nərimanov Rayon Məhkəməsinə verilməsi də tanışlıqla əlaqəlidir: "Nəyə görə, hansı səbəblərdən götürüb Nərimanov Məhkəməsinə veriblər, anlamıram. Hansı ki Nərimanov Məhkəməsi ilə əlaqəli heç bir nüans yoxdur. Nə aparıcının qeydiyyatda olduğu yer, nə də "Kanal 13”ün ofisi Nərimanov Rayon Məhkəməsinin ərazisinə düşür. Fəzail Ağamalı tanışları vasitəsilə orada üstünlük əldə eləməyə çalışır. Ona görə də həmin rayon məhkəməsinə müraciət edib”.
 
Fəzail Ağamalı Toplum TV-yə deyib ki, onunla bağlı ”Kanal 13”ün "Bumerang” verilişində gedən hissəyə təkzib verilmədiyindən onları məhkəməyə verib: "Həmin verilişdə mənim ünvanıma şər-böhtan atılıb. Mən də onlarla danışdım, rəhbərliyə dedim ki, təkzib versin və üzr istəsin. Bunu eləmədilər. Buna görə də məhkəməyə müraciət etdim. Məhkəmə vasitəsilə onları məcbur edəcəyəm ki, məndən üzr istəsinlər. Onlardan nə pul, nə də başqa şey istəyirəm, sadəcə, onlar təkzib versin ki, deyilənlər yalandır, böhtandır və üzr istəsinlər. Edəcəklərsə, məhkəmə də yekunlaşacaq”. 
 
Məhkəmə oktyabrın 16-da, saat 2-yə təyin edilib.

Facebook