Zəhranın ailəsi abidə qoyulmasına razı olmayıb

Atəşkəs rejiminin elan olunduğu 1994-cü ildən indiyə kimi 32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə müxtəlif dərəcəli xəsarət alıb. 

2017-ci il iyulun 4-də həmin uşaqların sırasına daha biri əlavə olundu. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 18 aylıq  Zəhra Quliyeva qətlə yetirildi.

Həmin vaxt Modern.az və bir neçə deputat körpə Zəhranın qətlə yetirildiyi yerdə abidə ucaldılması təklif etmiş və Fizuli rayonu İcra Hakimiyyətini məsələyə biganə qalmamağa çağırmışdı.
 

Böyümədən aramızdan köçən Zəhranın atası Elnur Quliyev Modern.az-a abidənin ucaldılmasına özünün razılıq vermədiyini açıqlayıb:

“Fizuli rayonu İcra Hakimiyyətinin başçısı bütün məsələlərdə olduğu kimi, burada da bizə diqqət göstərdi. Abidə ucaldılacağını dedi. Amma mən razı olmadım. Çünki yoldaşım, atam, özüm hər gün o abidəni görməyə dayana bilmərik. Anamın və Zəhranın qəbirüstü abidələri var, gedib ziyarət edirik”.

 

E.Kərimovun sözlərinə görə, hazırda Fizuli rayonu İcra Hakimiyyətində çalışır:

“İcra Hakimiyyətində yol və kommunal xidmətlər şöbəsində çalışıram. Şükürlər olsun, hər şey qaydasındadır. Heç bir çətinliyimiz yoxdur. İcra başçısı bütün problemlərimizlə maraqlanır”.

Xatırladaq ki, balaca zəhra nənəsi Sahibə Quliyeva ilə birgə öldürülmüşdü...