Zakir Qaralov jurnalistin ekstradisiyasını tələb edir

Azərbaycanın Baş prokuroru Zakir Qaralov Niderland vətəndaşlığı almış "Turan TV" telekanalının jurnalisti Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını ifadə edib.
 
"Turan" İnformasiya Agentliyi onun Ukraynanın Baş prokuroru Yuri Lutsenkoya məktubunu dərc edib. Məktubun surəti Ukraynanın İnsan Hüquqları haqqında İnformasiya Mərkəzi nəşrinin əlində var.
 
"Onun təhvil verilməsi haqqında qərar qəbul edilməsinin gecikdirilməsi bizdə narahatlıq hissi doğurur, belə ki, o və onun "müdafiəçiləri" ədalətli mühakimədən yayınmaq üçün hər cür tədbirə əl atırlar. Bundan başqa, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda onun aldatdığı, fırıldaqçı əməllərindən zərər çəkmiş insanların hüquqları pozulur", deyə Qaralov 12 yanvar 2018-ci il tarixli məktubunda yazır.
 
Bundan başqa, o inandırmağa çalışır ki, Fikrət Hüseynli Ukraynaya ölkədə sabitliyi pozmaq üçün gəlib, onun mitinqlərdə və Ukraynanın milli maraqlarına zidd olan digər siyasi tədbirlərdə iştirak etdiyi "səhih faktlarla müəyyən edilib".
 
Amma Baş prokuror onun hansı dinc mitinqlərdə iştirak etdiyini dəqiqləşdirmir. Məktuba qoşmada o, Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəklini əlavə edib.
 
Azərbaycan Baş prokuroru jurnalistin Ukrayna XİN vasitəsilə ekstradisiyası məsələsinə baxılması prosesinə qərb ölkələrinin səfirliklərinin bir sıra məmurlarının müdaxilə etməsindən gileylənir, amma Qaralov yenə məhz hansı ölkələrdən söhbət getdiyini açıqlamır.
 
Məktuba qoşmada "Komsomolskaya pravda"-nın "haqqin.az" nəşrinə istinad olunan materialı da əlavə edilib.
 
İnsan Hüquqları haqqında İnformasiya Mərkəzi bildirib ki, fevralın 19-da Kiyevin Peçerski Rayon Məhkəməsi ikinci dəfə Fikrət Hüseynlinin işi üzrə iclası təxirə salıb.
 
Fikrət Hüseynli Azərbaycanda "Azadlıq" qəzetinin əməkdaşı olub. O, 2008-ci il mayın 8-də Azərbaycandan mühacirət edib və Niderlandda qaçqın statusu alıb. Hazırda isə bu ölkənin vətəndaşıdır.
 
Fikrət Hüseynli 2017-ci ilin martında özünü Prezident Aparatının nümayəndəsi kimi təqdim edən bir şəxsdən gələn telefon zəngi haqqında danışıb. Həmin şəxs jurnalistə Facebook səhifəsini siləcəyi və "Turan TV" telekanalında işini dayandıracağı, Azərbaycanın Niderlanddakı səfirliyinə gedəcəyi təqdirdə Azərbaycana sərbəst şəkildə gələ biləcəyini vəd edib.
 
"Sonra rahatca valideynlərinə baş çəkə bilərsən. Amma imtina etsən, səni İnterpol vasitəsilə axtaracağıq", - deyə o bildirib.
 
2017-ci il oktyabrın 14-də Ukrayna sərhədçiləri Azərbaycanın sorğusu əsasında Hüseynlini "Borispol" aeroportunda saxlayıblar. Jurnalist Kiyevə "Turan TV" peyk telekanalının filialını açmaq üçün gəldiyini deyib.
 
Azərbaycan hakimiyyəti jurnalisti azərbaycanlıların qanunsuz mühacirətinin və xaricdə qaçqın statusu almasının təşkilində ittiham edərək ona qarşı cinayət işləri açıb. Jurnalist müstəntiqlərin bütün ittihamlarını təkzib edir və deyir ki, 10 ildir Azərbaycanda olmayıb.
 
Niderland XİN jurnalistin Haaqadakı vəkilinə sorğunun İnterpolun nizamnaməsinin 2(1) və 3-cü maddələrinə uyğun olmaması ilə əlaqədar İnterpol bazasında qırmızı kartın silindiyini bildirib.
 
Bir müddət əvvəl jurnalist Ukrayna prezidenti Petr Poroşenkoya və Baş prokuror Yuri Lutsenkoya müraciət edərək "Niderlanda qayıtmasına kömək etmələrini" istəyib.
 
"Təəssüf ki, Ukraynada Azərbaycanın siyasi girovu, Kremldən idarə olunan qüvvələrin girovu olaraq qalıram. Mənim Kiyevi tərk etmək hüququm yoxdur, pasportumu əlimdən alıblar, hüquqsuz bir insana çevrilmişəm. Niderlanddakı işimi itirmişəm və Kiyevdə yaşamaq üçün borc almalıyam. Sizə pasportumun qaytarılmasına və təhlükəsiz şəkildə Niderland Krallığına qayıtmağıma kömək etmək xahişi ilə müraciət edirəm", deyə Fikrət Hüseynov öz müraciətində yazır.
 
toplum.tv