Yunis Səfərovun işini aparan müstəntiqi cəzalandırdılar

Yunis Səfərovun işini aparan müstəntiqi cəzalandırdılar

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu gülləməkdə ittiham olunan Yunis Səfərovun işinin istintaqını aparan müstəntiq Orxan Hacıyev cəzalandırılıb.
 
Bu barədə məlumatı MeydanTV yayıb.
 
Gəncə hadisələrilə bağlı həbs olunan 80-ə yaxın adamın haqqındakı cinayət işi bir neçə qrupa bölünüb. Bu işlərin istintaqını da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqləri aparıblar. Məhz Yunis Səfərov və daha 11 nəfərin daxil olduğu qrupun istintaqını aparanlardan biri Orxan Hacıyev olub.
 
O.Hacıyevin dekabrda prokurorluq orqanlarından uzaqlaşdırıldığı bildirilir. Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, o, Xaçmazda baş vermiş bir cinayət hadisəsilə əlaqədar cəzalandırılıb:
 
"O işin araşdırmasını Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Orxan Hacıyev aparıb. Hadisə ilə bağlı bir sıra faktlar təhrif olunub. Məsələn, o cinayətdə müəyyən məbləğdən söhbət gedir, iş materiallarında məbləğ aşağı göstərilib. Orxan Hacıyev o cinayət işinə görə cəzalandırılıb”.
 
O.Hacıyevin prokurorluq orqanlarından uzaqlaşdırılmasından əlavə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu məsələ ilə əlaqədar cinayət işi başlandığı bildirilir.
 
Lakin idarədəki mənbə Meydan TV-yə bildirib ki, cinayət işi O.Hacıyevin haqqında yox, fakt üzrə başlanıb: "Orxan Hacıyev cinayət məsuliyyətinə cəlb olunmayıb. Yol verilmiş pozuntularla əlaqədar fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır. Gələcəkdə yetərli sübut olsa, məsuliyyətə cəlb oluna bilər”.
 
Gəncə hadisələrinə görə həbs olunanların yaxınlarının keçirdikləri etiraz aksiyalarında başqalarıyla yanaşı, O.Hacıyevin də adını dəfələrlə hallandırıblar. Onlar işgəncələrə, yalan ifadələrə zorla imza atdırılmasına görə onu ittiham ediblər. O.Hacıyev isə həmin ittihamlara heç bir cavab verməyib.
 
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bu barədə suala cavab vermək istəməyib:
 
"Haradan bilim ki, siz Meydan TV-nin adından istifadə edib mənə zəng etməmisiz? Bəlkə bu təxribatdır?”

Facebook