Yunis Səfərov: Gəncədə adamlara edilən zülmə görə eləmişəm

Yunis Səfərov: Gəncədə adamlara edilən zülmə görə eləmişəm

İcra başçısını yaralayan şəxs özünü qismən təqsirli sayır

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və onu mühafizə edən polis Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov özünü qismən təqsirli bildiyini deyir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin ittiham üzrə özünü təqsirli bilib-bilməməsi barədə sualına belə cavab verib.

Oktyabrın 13-də Y.Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı başlanıb. Məhkəmədə dövlət ittihamını müdafiə edən iki prokuror Y.Səfərov və digərləri haqqında ittiham aktını elan edib. 12 nəfər təqsirləndirilən şəxsdən 11-nin işi üzrə ittiham elan olunub. Bir nəfər – Ağa Sərxani haqda olan ittiham qalıb ki, onu da oktyabrın 15-nə təyin edilən növbəti məhkəmə iclasında elan edəcəklər.

İttihamda yazılıb ki, keçmiş icra başçısına qarşı baş verənlər terror aktıdır. Y.Səfərov və digər təqsirləndirilən şəxslər mütəşəkkil dəstə şəklində birləşərək, hakimiyyəti zorla ələ keçirməyə çalışıblar. İddia olunur ki, Y.Səfərov Suriya və başqa ölkələrdə hərbi təlim keçib. Hadisədən əvvəl E.Vəliyevi izləyib, onun işdən çıxma vaxtını müəyyənləşdirib. Öyrənib ki, icra başçısı işdən sonra Gəncədəki mərkəzi parkda gəzişir. 2018-ci il iyulun 3-də “Makarov” tipli tapançadan həm onu, həm də mühafizəçi polisi güllələyib.

Y.Səfərov özünü qismən təqsirli bildiyini deyib.

Sabiq icra başçısını güllələdiyini etiraf edən Y.Səfərov bu işi təkbaşına gördüyünü, heç bir mütəşəkkil dəstənin mövcud olmadığını bildirir. Onun sözlərinə görə, terror aktı planlaşdırılması, hakimiyyəti zorla ələ keçirmək cəhdi və s. barədə ittihamda yazılanlar da yalandır. Y.Səfərov vurğulayıb ki, E.Vəliyev Gəncə əhalisinə zülm eləyirdi, onu bu səbəbdən güllələyib: “Gəncədə adamlara zülm elədiyinə görə mən də eləmişəm”.

Təqsirləndirilən şəxslərdən ikisi – Anar Bağırov və Ağa Sərxani sağ deyil. Onlar 2018-ci ilin iyulunda saxlanılarkən öldürülüb. Cinayət işinin materiallarında iddia olunur ki, onlar təhülkəsizlik qüvvələrinə silahlı müqavimət göstərdiyinə görə əks tərəfin cavab atəşilə öldürülüb. Lakin ailə üzvləri bu iddiaları qəbul etmir. Onların heç bir günahları olmadığı halda, güllələnib öldürüldüyünü bildirir.

“Yazılanların hamısı cəfəngiyyatdır. Mənim qardaşım heç bir günahı olmadığı halda, vəhşicəsinə öldürülüb”, - deyə mərhum A.Bağırovun hüquqi varisi qismində tanınmış bacısı Aynurə Bağırova məhkəmədə prokurorun elan etdiyi ittihama münasibət bildirərkən deyib.

Y.Səfərov istisna olmaqla, digər müttəhimlərin heç biri özünü təqsirli bilməyib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd, sui-qəsd, qanunsuz silah saxlama və s. 30-a qədər maddə ilə ittihamlar irəli sürülüb.

Facebook