“Yolsuzluq kəndimizi iflic vəziyyətə salıb”

“Yolsuzluq kəndimizi iflic vəziyyətə salıb”

Mollagüllər, Qarağacı, Mircəfərli kəndlərinin sakinləri hökumətdən yolların təmirini tələb edir

“160 nəfər kənd sakinin adından aidiyyəti qurumlara yüzlərlə məktub yazmışıq, teleqram vurmuşuq. Əldə etdiyimiz yalnız bu olub ki, gətirib yola çınqıl töküb gediblər. Ancaq icra başçımız hesabatda yollarımızın əsaslı təmir olunduğunu, asfalt döşəndiyini qeyd etdi”.

Bərdənin Qarağacı, Mircəfərli, Mollagüllər kəndlərinin yolları illərdir təmir edilmir. Sakinlər deyir ki, yayda toz, qışda isə palçıq əlindən çarəsizdirlər.

“Yolsuzluğun əlində əsirə çevrilmişik”

Təkcə Mollagüllər kəndinin 5 mindən çox əhalisi var. Uzun illərdir ki, azı 5 min insan yolsuzluğun əlində əsirə çevrilib. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır. Kimi taxıl, kimi də pambıq əkir. Ancaq deyirlər ki, kənd yolları bərbad olduğundan məhsulun dalınca gələn olmur. Yolsuzluğun vurduğu zərər təkcə bundan ibarət deyil. Kənd sakini Bağban İsmayılov deyir, yolsuzluq onların kənd təsərrüfatından əlavə, insanların təhsil almasına, tibbi yardımla təmin olunmasına da əngəl yaradır:

“Əsas çətinliyimiz yağışlar başlayanda ortaya çıxır. Yollar dizəcən palçıq olur. Kənddə tibb məntəqəsi 1990-cı illərdə tikilmiş uşaq bağçasının binasında yerləşir. O bina da bərbad vəziyyətdədir, kənddə tibbi xidmət yox səviyyədədir. Ağrı çəkən insan gözümüzün qarşısında canını tapşırır, təcili yardım maşını gəlib çıxmır, əlimiz heç yerə çatmır, bəzən ən əziz adamımızı beləcə itiririk”.

“Normal yolu olan kənddə problem qalmaz”

Bağban İsmayılovun sözlərinə görə, yolsuzluq başqa sahələrdə də inkişafa əngəl olur:

“Bilirsiz ki, təhsil mövsümü əsasən qış aylarına düşür. Uşaqları məktəbə göndərə bilmirik, Uşaq da bir müddət məktəbə getmədisə, sonra həvəsdən düşür, oxumur, ona çox çətin olur. Bu da yolsuzluğun təhsilimizə vurduğu zərbə... Adam bilmir hansını desin. İstənilən yerin inkişafı yoldan başlayır, bunu hamı bilir. Normal yol olsa, o kənddəki sosial problemlərin tən yarısı həllini tapmış olar. Bir kənddə ki, yağış başlayanda dizə qədər palçığa bulaşmamaq üçün heç kim həyətindən çölə çıxa bilmir, kənddəki təsərrüfat iflic vəziyyətə düşür, insanlar işə, məktəbə gedə bilmir, o kənddə hansı inkişafdan söhbət gedə bilər?”

Saleh Məmmədovun qəbulunda olublar

Ötən ilin mayında bir-birinin qonşuluğundakı üç kəndin - Qarağacı, Mircəfərli, Mollagüllərin və daha bir neçə kəndin sakinləri aidiyyəti qurumlara bir neçə dəfə məktub və teleqram göndəriblər. Hətta Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun qəbulunda da olublar:

“Saleh müəllim söz verdi ki, yaxın vaxtda yollar təmir olunacaq. Bir müddətdən sonra digər kəndlərdəki sakinlərin istəyi yerinə yetirildi, yolları çəkildi. Ancaq Ağcəbədi-Yevlax yolundan Qarağacı, Mollagüllər, Mircəfərli kəndlərinə gələn 8 kilometrlik ümumi yoldan yalnız 1,5 kilometrliyinə çınqıl töküldü. Heç o hissəyə də asfalt döşənmədi. Bizə təsir edən odur ki, rayonumuzun icra hakimiyyətinin başçısı sonradan yolların təmir-bərpası ilə bağlı öz hesabatında bizim həmin yolun da əsaslı təmir olunduğunu qeyd edib. Halbuki, bu günədək də çınqıllı yollarda əziyyət çəkirik”.

“Çınqıl tökülüb, tezliklə asfalt da döşənəcək”

Bərdə Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, rayonda yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarının Bərdə rayonu ərazilərindən keçən hissələri əsaslı təmir edilib. Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, Yeni Daşkənd-Umudalılar, Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolları yenidən qurulub. Bərdə şəhəri ərazisində və Əyricə kəndinə gedən avtomobil yolunda, Tərtər çayı üzərində körpülər tikilib. Lənbəran-Təhlə, Saatlı, Mirasəfli kəndlərinə gedən 11,7 kilometr yol asfaltlanıb. Qarağacı, Mollagüllər, Mircəfərli kəndlərinə gedən ümumi yolların çınqıl yatağı asfalt işləri üçün hazırlanıb. Tezliklə həmin yollara da asfalt döşənəcək.

Facebook