Yol çökdü: Prezident 2 həftə əvvəl açılışın etmişdi

Binəqədi - Novxanı avtomobil yolunun 11-ci kilometrliyi çöküb.

“Report” yazır ki, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir.

''Eyni zamanda yolun çökən hissəsinin dərinliyi 5-6 sm-dir. Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sırdan çıxıb''.

Hazırda əraziyə “Azəravtoyol”un əməkdaşları cəlb olunub. Yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir.

Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışını prezident İlham Əliyev 2 həftə öncə, avqustun 2-də etmişdi.

Bu yol İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyunca salınıb. Yolun uzunluğu 13,5 kilometrdir. Tikintisinə 5,9 milyon xərclənib.