Yəməndə son baş verənlər - Ölkə bölünmək astanasında

Cənubda separatçıların koalisiyanı parçalaması Səudiyyə Ərəbistanını çətin seçim qarşısında qoyub

Yəməndə son günlər baş verənlər ölkəni bölünmənin astanasına gətirib. Yanvarın 28-də ölkənin cənubunda Ədən şəhərində son zamanlara qədər müttəfiq olan devrilmiş prezident Mənsur Hadi tərəfdarları ilə “Cənub Keçid Şurası” (CKŞ) adlı qruplaşma arasında toqquşmalar başlayıb. Hadi hökumətinin baş naziri Əhməd ibn Dageri istefasını tələb edən CKŞ qüvvələri hazırda Ədənin böyük hissəsini ələ keçirib və şəhərdəki prezident sarayını mühasirəyə alıb.

Qeyd edək ki, xarici media orqanlarının yaydığı məlumatlardan belə aydın olur ki, Ədəndə Hadi hökumətinə qarşı silahlı hücum təşkil edən Keçid Şurasına daha əvvəl Ədən şəhərinin valisi postunu tutmuş və sonradan Hadi tərəfindən vəzifədən azad edilmiş Aydarus əz-Zubeydi rəhbərlik edir. Cənub Keçid Şurası əsasən cənubi yəmənliləri təmsil edir. Bu qüvvələr separatçı kimi tanınırlar. Ədəni ələ keçirən Şuraya tabe silahlılar isə 1967-1990-cı illər ərzində mövcud olmuş Cənubi Yəmən, rəsmi adı ilə Yəmən Xalq Demokratik Respublikasının bayrağını qaldırıblar. “Əl-Cəzirə” kanalının məlumatına görə, yanvarın 28-dən bu yana baş verən toqquşmalarda 220 nəfərdən çox insan ölüb.

Bütün baş verənlərin içərisində ən çox diqqəti cəlb edən yəmənli separatçılara Birləşmiş Ərəb Əmirliklərinin dəstək verməsidir. Hətta dəstək o qədər açıqdır ki, mediada hazırda Hadi hökumətinin Ədəndəki iqamətgahını BƏƏ-yə məxsus zirehli texnika mühasirəyə alıb. BƏƏ-yə məxsus təyyarələr və tanklar Ədən əməliyyatında separatçılara dəstək verib.

Yemende ile ilgili görsel sonucu

Ancaq hələlik nə Mənsur Hadi hökuməti, nə də onu dəstəkləyən Səudiyyə Ərəbistanı proseslərə münasibətini açıqlamayıb. Ancaq Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya bəyan edib ki, vəziyyət nəzarətdən çıxacağı təqdirdə koalisiya şəhərdə vəziyyəti nəzarətə götürəcək. Ancaq hələlik koalisiya sadəcə prosesləri müşahidə edir. Mənsur Hadi hökuməti isə separatçıların irəli sürdüyü tələbləri rədd edib.

Məlum olduğu kimi, Yəməndə 2012-ci ildə uzun sürən mitinqlərdən sonra ölkəni 30 ildən artıq idarə etmiş prezident Əli Abdullah Saleh vəzifəsindən istefa verib. Onu müvəqqəti olaraq vitse-prezident Abdurabbu Mansur Hadi əvəzləyib. Ancaq Hadi seçki keçirməyib və inqilabçıların tələblərini reallaşdıra bilməyib. Bu səbəbdən də ölkədə istiqrar əldə etmək mümkün olmayıb. 2014-cü il sentyabrın 21-də şimalda dağlıq bölgədə yaşayan husilərin Ənsarullah Hərəkatı hökumətə qarşı silahlı üsyan başladıb. Husilərin faktiki mərkəzi hesab olunan Səda şəhərində başlayan hərəkat bir gün sonra paytaxt Sənanın ələ keçirilməsi ilə nəticələnib. Hadi Sənadan cənuba - Ədən şəhərinə çəkilib, bir qədər sonra isə Yəməni tərk edərək Səudiyyə Ərəbistanına qaçıb.

Mənsur Hadi hökuməti ile ilgili görsel sonucu

Yəməndə husilərin liderliyi ilə Yəmən Siyasi Şurası yaradılıb və ölkəni bu Şura idarə etməyə başlayıb. Mənsur Hadi hökuməti isə Ədəndə möhkəmlənib. 2015-ci il martın 26-da Səudiyyə Ərəbistanı başda olmaqla 10 ərəb ölkəsi Yəməndə Hadi hökumətini bərpa etmək və husiləri cəzalandırmaq üçün bu ölkəyə qarşı hərbi kampaniya başladıb. Yəmənin husilərin nəzarətində olan bölgələri havadan və dənizdən bombalanmağa başlayıb. Daha sonra isə ərəb koalisiyası Yəmənə quru qüvvələri göndərib. Hazırda bu qüvvələr əsasən ölkənin cənubunda husilər və onların nəzarətində olan Yəmən ordusu ilə savaşır. Ötən ilin sonunda isə Səudiyyə Ərəbistanı ilə anlaşan keçmiş prezident Əli Abdullah Saleh müttəfiqləri husilərə qarşı silahlı hücum həyata keçirib. Ancaq Salehin qiyamı uğursuzluqla nəticələnib, özü isə Sənadan qaçarkən yaxalanaraq öldürülüb. Bu hadisələrin husi koalisiyasını zəiflədəcəyi düşünülürdü.

Ancaq indi gözlənilmədən koalisiya daxilində dərin çat yaranıb və əslində Yəmənin bölünməsi məsələsi gündəmə gəlib. Məsələ ondadır ki, hələ Saleh zamanında Yəmənin cənubunda əl-Qaidə ciddi qüvvəyə çevrilmişdi, “Ərəb yarımadası əl-Qaidəsi” adlanan qruplaşma Yəməndə bir sıra ərazilərə nəzarət edirdi. Hadinin devrilməsi ilə ölkədə vətəndaş müharibəsi başlayıb və Yəmən faktiki olaraq husilər, Hadi tərəfdarları və əl-Qaidə arasında bölünüb. Daha sonra isə Yəməndə İŞİD peyda olub və hazırda ölkə faktiki xaosda boğulur. 25 milyon əhalisini olan Yəməndə 1 milyon insanın vəbaya yoluxduğu, içməli su, ərzaq və dərman çatışmazlığı yaşanır. Üstəlik hava məkanını nəzarətə alan Səudiyyə koalisiyası xarici ölkələrdən gələn yardımların qarşısını alır. Bütün bunların fonunda indi də Ədəndə cənublu separatçılar meydana çıxır.

Son hadisələr və ona şərhlər göstərir ki, BƏƏ daha çox müstəqil oynayır və cənublu separatçılar vasitəsilə Yəməni bölməyə çalışır. Çünki Yəmən bölünərsə, bu ölkənin iki daha zəif və kiçik hissəyə ayrılması, deməkdir. BƏƏ isə coğrafi olaraq Cənuba daha yaxındır və təsirə malikdir. Üstəlik Şimal əraziləri “problemli” husilərin nəzarətindədir, 3 ildir husilərə qarşı müharibədə uğur qazana bilməyən koalisiyanın özündə yorğunluq var. Üstəlik beynəlxalq təzyiqlər də artır. Bu səbəbdən də BƏƏ indi cənubun ayrılması və Ədən mərkəzli ikinci Yəmən dövlətinin qurulmasına dəstək verir. Bütün parametrləri ilə bu vəziyyət BƏƏ-yə əlverişlidir.

Ancaq təbii ki, Səudiyyə Ərəbistanı üçün deyil. Çünki Ər-Riyadın əsas düşməni olan husilər bu vəziyyətdə daha da güclənəcəklər, faktiki olaraq ayrılmış Şimali Yəmənin hakimləri olacaqlar. Bu isə Səudiyyə Ərəbistanına sərf etmir. Çünki husiləri İran dəstəkləyir və onlar Səudiyyə üçün təhdidə çevriliblər. Bu şəkildə koalisiyanın dağılması və Yəmənin bölünməsi Səudiyyə krallığı üçün ciddi uğursuzluq ola bilər. Bu səbəbdən də Krallıq indi ciddi dilemma qarşısındadır. Ya tamamilə təşəbbüsü ələ alıb digər qüvvələri, o cümlədən əmirliklərin güclərini Yəməndən çıxarmalı, ya da gedişatla barışıb husilərlə danışıqlara başlamalıdır. Hər ikisi ciddi risk tələb edən addımdır.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”