Yeni formalaşan Parlament insanlar tərəfindən ciddi qəbul olunmayacaq -  Deputatlığa namizəddən açıqlama

Yeni formalaşan Parlament insanlar tərəfindən ciddi qəbul olunmayacaq - Deputatlığa namizəddən açıqlama

Natiq Cəfərli: “Nəticələrin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi, Milli Məclisi bir institut kimi cəmiyyətin gözündə yüksəltməyəcək”

 

Konstitusiya Məhkəməsi bugünkü  iclasında  VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiqləyib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Digər dairələrdə kifayət qədər saxtakarlığın olduğu sübuta yetirilsə də, sadəcə 4 dairənin nəticələriniin ləğv olunması birmənalı qarşılanmayıb.

 

VI çağırış Milli Məclisə keçirilmiş seçkilərdə namizəd olan REAL Partiyasının icra katibi Natiq Cəfərli Rakurs.tv-yə açıqlamasında bildirib ki, seçkilərin gedişatına nəzər yetirərkən Azərbaycan dövləti və hökumətinin böyük bir şans qaçırdığını görürük: “Çünki bu seçkilər normal keçirilsə idi, o zaman Azərbaycanda yeni bir siyasi situasiya yarana bilərdi. Bütün siyasi debat və diskusiyalar , ümumilikdə siyasi mübarizə Parlament çatısı altında aparılmalı idi. Təəssüf ki, Parlamentə keçirilən seçkilər total saxtakarlıqla müşahidə olundu. Beynəlxalq müşahidəçilərin də hesabatında 70 dairədə ciddi qanun pozuntularının olduğu öz əksini tapdı. Bu o deməkdir ki, seçkilər nə ictimaiyyətin gözləntilərini doğrultdu, nə də hüquqi cəhətdən legitim oldu. Belə bir mühitdə formalaşan Parlamentin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi, Milli Məclisi bir institut kimi cəmiyyətin gözündə yüksəltməyəcək.

 

Natiq Cəfərlinin sözlərinə görə, Parlament xalq tərəfindən ən az rəğbət görən qurum idi. Bu, aparılan rəy sorğularda da öz əksini tapırdı: “Əslində isə Parlament xalq tərəfindən mötəbər qəbul olunan, fikir və düşüncələrinə diqqət yetirilən bir orqan olmalıdır. Təəssüf ki bu baş vermədi.  Yeni formalaşan Parlament də insanlar tərəfindən ciddi qəbul olunmayacaq. Onların səsləndirdikləri fikirlər və qəbul etdikləri qanunlar insanlar tərəfindən birmənalı qarşılanmayacaq. Ona görə də, hesab edirəm ki, bu seçkilərdə Azərbaycan ciddi fürsət qaçırdı, Ölkədə siyasətin normallaşdırılması fürsəti əldən verildi”.

 

Müsahib əlavə edib ki bundan sonra hökumətin atacağı addımlardan çox şey asılıdır: “ Hökumət ictimai rəyin sakitləşdirilməsi üçün ciddi islahatlar paketi təqdim etməlidir. Eyni zamanda müxalifət-iqtidar dialoqunun real şəkildə aparılması təmin olunmalıdır”.

 

Facebook