Yaxşı başın var, heyif, ən çox futbola sərf etmisən - Mövqe

“Liverpul”un baş məşqçisi, Almaniyada çox təsirli bir fiqur olan Mr Yurgen Kloppun Avropa Liqasının final görüşünün Bakıda keçirilməsinə münasibəti ilə tanış olduqdan sonra onun barəsində “Yaxşı başın var, heyif ən çox futbola sərf etmisən” deyəsi oldum.

 

Hər hansı bir kəsin fikirlərində həqiqətlər ola bilər, amma, nə zaman, bəzən kim tərəfindən və hansı şəraitdə deyilməsi çox böyük əhəmiyyət kəsb edir. 

 

Yurgen Kloppa bəzi xatırlatmalar:

 

1. Hazırda bir çox ölkələrdən təyyarələr vasitəsi ilə Bakıya rahatlıqla səyahət etmək mümkündür. Kimsə  səfər zamanı daha yaxşı komfort, xidmət, şərait arzulayarsa əksər hallarda bunun qiymətlər ilə böyük əlaqəsi var, son bir ildə təxminən 40 dəfə müxtəlif aviaşirkətlərin təyyarələrindən istifadə edən biri olaraq bunu tam əminliklə qeyd edə bilərəm. 

 

2. Hotel, hostel və s. barədə qiymətlərə gəlincə isə məlum məsələdir ki, əksər hallarda qiymətə yarışların keçirilməsi, mövsüm, ən əsas bilet və məkanlar üçün nə zaman qeydiyyatdan keçirilməsi təsir edir. 2017-ci ilin yayında Finlandiyadan İsveçə gəmi ilə səyahət etməli idim. Bir  gün sonra  İsveçin paytaxtı Stokholmda marafon keçiriləcəkdi. Əksər insanlar bunu bildiklərindən ən azı aylar öncə qeydiyyatdan keçmiş, biletlərini almışdılar. Və nəticədə mən son anda müraciət edənlərdən olduğuma görə gəmi bileti daha baha idi. Stokholmda isə əksər hostel, hotellər olduqca baha və hətta boş yer tapmaq olduqca çətin idi. 

 

Hotel və hostellərdə  şəraitə gəldikdə isə burada fərdin təcrübəsi  böyük rol oynayır. Litvada elə ucuz hosteldə qaldığım olub ki, şəraiti Oslo, Kopenhagen və Hamburgdakından daha yaxşı olub. Əlbəttə bu, bütün məkanlara şamil olunmur.

 

3. Son illərdə Bakıda xeyli sayda beynəlxalq tədbirlər keçirilib, hətta futbol azarkeşləri 2004-cü il 13 oktyabrda Azərbaycan ilə İngiltərə arasında illər öncə baş  tutmuş maraqlı oyunu da yaxşı xatırlayar. Həmin günü oyunu izləməyə gəlmiş şəxs olaraq yağışlı hava şəraiti olmağına baxmayaraq xeyli sayda ingilis azarkeşlərini müşahidə etmişdim. 

 

4. Hər şeydən öncə, həm də Mr Yurgen almandır, almanlarla  işləyən, xeyli sadə alman tanışları olan biri olaraq bunları da qeyd edə bilərəm. Savadlı, təcrübəli almanlar adətən öz sahələrində yaradıcı olurlar, onlardan kənar hər hansı mövzuda sual soruşsan, bir çox hallarda bilməyəcək, cavab verdiyi halda isə tragikomedik vəziyyət yaranacaq. Əlbəttə olduqca hər tərəfli almanlar da çoxdur. 

 

Mr Yurgenə gəldikdə isə onun yanaşmasını daha çox tragikomedik dəyərləndirərdim. 

 

1966-ci ilin Dünya Çempionatında İngiltərə ilə Almaniya arasında həlledici oyunda Tofiq Bəhramovun İngilislərin leyhinə olan tarixi qərari ola bilsin ki, Mr Yurgenin davamlı xatirəsindədir.

 

Ümid edirəm Cənab Yurgen Hava Limanımız, gözəl Bakını gördükdən sonra məsələyə pozitiv yanaşacaq. Uğurlar hər kəsə, layiqli qələbə qazansın.

 

Ağa Mehdi