"Yas yerinə gedən şəxs özü ilə silah aparmır, silahla düşmən üzərinə gedərsən"- Video

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə "Nardaran işi 2" üzrə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bugünkü məhkəmə prosesində təqsirləndirilənlərdən Fərhad Muradov, Vüsal Alış, İsa İbrahimov, Ramin Əliyev son söz çıxışı ediblər.
Belə ki, Vüsal Alış çıxışında onları şərlədiklərini, irəli sürülən ittihamın saxta olduğunu deyib. Təqsirləndirilən şəxslərdən Fərhad Muradov da son sözündə özünə qarşı irəli sürən ittihamın saxta olduğunu deyib:
“Biz xalqımızın haqqını əzənləri hər zaman tənqid etmişik. Nə vaxtdan tənqid cinayət hesab olunur ki, biz indi həbs olunmuşuq? Məhkəmə gedən müddət ərzində yalan ifadələr verən polislər özləri evlərimizə silah-sursat atıb, sonra da protokollaşdırıblar. Mən sual verirəm: niyə mən həbsdəyəm?”.
İsa İbrahimov da çıxışında ittihamların əsassız olduğunu bildirərək, heç vaxt din adı altında təxribatla məşğul olmadıqlarını və şərləndiklərini məhkəməyə deyib.
Hakim digər təqsirləndirilənlərin son söz çıxışlarının sabah – 27 dekabr saat 10:00-da davam edəcəyini elan edib.
Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Dekabrın 16-da prokuror çıxışında Elçin Qasimovun 16 il, Ağa Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.