YAP üzvlərinin sayının 710 min nəfəri keçdiyini bildirib

''Kommunist Partiyasının milyonlarla üzvü vardı, hanı onlar?''

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Azərtac-ın yaydığı məlumatda bildirilir ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib. Hazırda partiya üzvlərinin sayı 710 min nəfəri keçib.

Qeyd olunub ki, 2017-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 8 milyon 315 min 436 manat olub. Bunun 7 milyon 173 min 280 manatını üzvlük haqları, 1 milyon 142 min 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 milyon 202 min 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 713 min 757 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 min 785 manatı ezamiyyə xərclərinə, 204 min 302 manatı invertarların alınmasına, 4 milyon 419 min 586 manatı tikinti və təmir işlərinə, 421 min 317 manatı kommunal və təsərrüfat xərclərinə, 242 min 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 min 930 manatı bank xidmətinə, 50 min 385 manatı dəftərxana xərclərinə, 38 min 285 manatı çap işlərinə, 104 min 986 manatı isə sair xərclərə sərf edilib.

Əvvəlki illərin qalıq hesablarından köçürmələr də daxil olmaqla Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 10 milyon 500 min 531 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 6 milyon 446 min 14 manat qalıb.

Meydan TV müxalif partiyaların üzvlərinin sayı ilə bağlı onların liderlərinə mütraciət etsə də, dəqiq rəqəm ala bilməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli

AXCP sədri Əli Kərimli insan hüquqlarına hörmətin olmadığı ölkədə partiya üzvlərinin sayı haqda məlumatları ictimailəşdirmədiyini deyib:

“Əvvəllər də bu barədə məlumatlar verməmişik, indi də bu barədə fikrimiz yoxdur. Çünki bu məlumatların əsasında üzvlərin təqibi artır. Amma AXCP-nin üzvləri onminlərlədir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı YAP-ı klassik mənada dərk olunan partiya hesab etmir:

“Bu partiyaya müxtəlif vəzifələrdə, səhiyyədə, təhsildə çalışanların yaxınları və tabeliklərində olanları məcburiyyətlə cəlb edirlər. 1990-cı ilin 19 yanvarın Azərbaycanda 450 min kommunist vardı, amma 20 yanvar faciəsindən dərhal sonra 200 mindən çox communist partiyanı tərk etdi. Bu baxımdan YAP üzvlərinin əqidə və ideyaya görə təşkilata üzv olmasını iddia etmək gülünc olardı”.

Arif Hacılı

Başqan deyib ki, Müsavat Partiyasının onminlərlə üzvü var, hər il də minlərlə üzv daxil olur:

“Biz partiya üzvlərinin sayı barədə açıqlama vermirik. Çünki Müsavat Partiyasının üzvlərinin sayı 750 min nəfər olmasa da, amma həqiqi və əqidəsinə, məramımızı qəbul edən üzvlərin sayı yeni azərbaycanlılardan çoxdur”.

Azər Qasımlı

Ancaq ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı təşkilatın 2 min nəfər üzvü olduğunu bildirdi:

“Sadəcə, Yeni Azərbaycan Partiyasından fərqli olaraq biz insanları ReAL-a hədə-qorxu ilə üzv etmirik. Kimisə üzvlüyə qəbul edəndə keyfiyyətə üstünlük veririk. Kommunist Partiyasının minlərlə yox, milyonlarla üzvü vardı, hanı onlar? YAP-ın məlumatı statistikadır, vəssalam!”.