Yanacağın bahalaşması güclü qiymət artımı yaradacaq

İqtisaçı Qubad İbadoğlu Tarif Şurasının 14 iyul tarixli qərarı ilə A-92 markalı benzinin pərakəndə satış qiymətinin artırılmasını şərh edib. İqtisadçının şəxsi "Facebook" hesabında paylaşdığı fikirləri olduğu kimi paylaşırıq:

"Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Bu artım yalnız “Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür.

Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq.

Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında daşınma xərclərinin artması əsas istehlak mallarının qiymətinin bahalaşmasında hərəkətverici rol oynacaq. Beləliklə də ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub.

Hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0, 48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycabda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr “Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib.

Xatırladım ki, Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib".

Rakurs TV