Yalçın İmanovla bağlı toplantıda nәlәr danışılıb: "Biz vәkilliyә daxil olanda and içmişik"

Aydın Axundovun kobudluğu, Anar Bağırovun canfəşanlığı…

Vəkillər Kollegiyası Rəyasət Heyətinin noyabrın 20-də keçirilən və vəkil Yalçın İmanovun Kollegiyadan uzaqlaşdırılmasına qərar verilən toplantıda nələr baş verib?

Rəyasət Heyətinin iclasına qurumun sədr müavini Aydın Axundov sədrlik edib. O bildirib ki, Yalçın İmanov barəsində Penitensiar Xidmətdən şikayət daxil olub. Avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun üç səhifəlik şikayətini əvvəldən sonadək oxuyub. Elanı bir xeyli vaxt aparan bu şikayətdə Oqtay Məmmədov şikayət məktubunda vəkil Yalçın İmanovun hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun həbsxanada işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edir.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər, qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar, cərimə təcridxanasında 2 gün müddətində çarmıxa çəkilmiş vəziyyətdə saxlayıblar.

Oqtay Məmmədov iddia edir ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla “sabitliyi pozmağa çalışır, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir və s.”.

“Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır”, – Oqtay Məmmədovun yazdıqlarıdır.

Oqtay Məmmədov “Nardaran məhbusları”nın yaxınlarının avqustun 6-da Qobustan həbsxanasının, avqustun 9-da isə Penitensiar Xidmətin inzibati binasının qarşısına toplaşmasına görə də vəkili günahlandırır.

Şikayətin elanından sonra Yalçın İmanov ünvanına səslənən ittihamlarla əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyasına təqdim etdiyi izahatının da oxunmasını istəyib. İmanov bildirib ki, həmin şikayətlə əlaqədar iki dəfə izahat verib. Sentyabrın 9-da verdiyi birinci izahat daha geniş olub və on gün sonra – sentyabrın 19-da həmin izahata əlavələrini təqdim edib. Hər iki izahatında Oqtay Məmmədovun şikayət məktubunda yazdıqlarının yalan olduğunu göstərməklə yanaşı, həm də bunu təsdiqləyən sənədləri də təqdim edib.

“Aydın müəllim, siz mənim izahatımıda elan edin ki, Rəyasət Heyətinin üzvləri nə baş verdiyini aydın şəkildə bilsinlər. Əgər şikayət oxunursa, vəkilin ona verilən cavabı da mütləq elan olunmalıdır”, – Yalçın İmanov bildirib.

Amma Aydın Axundov kobud şəkildə buna ehtiyac olmadığını deyib.

Yalçın İmanova təklif olunub ki, o, izahatını şifahi şəkildə versin. İmanov ondan başlayıb ki, Penitensiar Xidmətin rəis əvəzi ondan şikayət verir, amma Vəkillər Kollegiyası həmin şikayətin surətini ona təqdim eləmək istəmir: “Baxmayaraq ki, şikayət kifayət qədər böyük həcmdə idi, mənə qarşı ciddi ittihamlar var idi, təəssüf ki, o şikayətin surəti mənə verilmədi. Biz vəkilik, hüquqlarını müdafiə etdiyimiz şəxs barəsində həbs-qətimkan tədbiri seçiləndə, yaxud həbsin müddəti uzadılanda bizim gördüyümüz ilk iş, verdiyimiz vəsatət həbsin seçilməsi, yaxud uzadılmasına əsas kimi göstərilən prokurorluğun təqdimatının, vəsatətinin bizə də təqdim olunmasıdır. Biz onunla tanış olandan sonra müdafiəni qururuq. Amma Vəkillər Kollegiyası üzvü barəsində şikayətin surətini həmin vəkilə vermir. Belə olan halda, vəkilin özünü müdafiə etməsi də çətinləşir. Mən bununla əlaqədar Vəkillər Kollegiyasına da sorğu ilə müraciət eləmişdim. Kollegiyadan Aydın Axundovun imzası ilə verilən cavab məktubunda yazılıb ki, vəkil haqqında daxil olmuş şikayətin vəkilə verilməsi nəzərdə tutulmayıb…”

Bu zaman Aydın Axundov Yalçın İmanovun sözünü kəsir və qəzəbli şəkildə bildirir ki, o, işin mahiyyətindən kənara çıxır.

Yalçın İmanov ardınca qeyd edir ki, 19 sentyabrda Vəkillər Kollegiyasının İntizam Komissiyasının iclası keçirilib və onunla bağlı şikayət və verdiyi izahat əsasında rəy hazırlanıb. Amma o rəyi də ona verməyiblər: “Yalnız rəyin nəticə hissəsi ilə tanış ola bildim. Amma ümumilikdə rəylə tanış olmağa imkan verilmədi”.

Daha sonra Yalçın İmanov şikayətdə Oqtay Məmmədovun irəli sürdüyü ittihamlar haqda danışıb: “İddia olunur ki, guya mən ölkədə sabitliyi pozuram, dindarlara təzyiq görüntüsü yaradıram, yalan, böhtan olduğunu bilə-bilə onları hansısa açıqlamalar verməyə məcbur edirəm. 6 və 9 avqust tarixlərdə Qobustan həbsxanasının və Penitensiar Xidmətinin binasının qarşısında keçirilən aksiyaların təşkilatçısı guya, mən olmuşam. Guya Taleh Bağırzadə və Abbas Hüseynovla vəkil kimi görüşməkdən yayınmışam, aksiyaların keçirilməsinə də səbəb bu olub. Guya mən Abbas Hüseynova həbsxanada işgəncə verilməsi haqda açıqlama verməklə Penitensiar Xidmətin kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərmişəm, xaricdə Azərbaycana qibtə eləyən qüvvələri fəallaşdırmışam və s. Bunların hamısı yalandır, böhtandır. Oqtay Məmmədov yazır ki, guya mən Taleh Bağırzadə, Abbas Hüseynovla görüşmək üçün avqustun 8-nə qədər Penitensiar Xidmətə müraciət eləməmişəm. Yalandır. Mən izahatıma elə həmin Oqtay Məmmədovun görüşə icazə məktubunu da əlavə eləmişəm. O icazə məktubunda Oqtay Məmmədov özü Taleh Bağırzadə və Abbas Hüseynovla görüşmək üçün Penitensiar Xidmətə nə vaxt müraciət elədiyimi yazır – 28 iyulda Abbas Hüseynovla, 31 iyulda isə Taleh Bağırzadə ilə görüşə rəsmi icazə üçün Penitensiar Xidmətə müraciət eləmişəm. Oqtay Məmmədovun cavab məktubları isə 6 və 7 avqustda imzalanıb, işlədiyim Sumqayıt şəhər hüquq məsləhətxanasına bir həftə sonra gəlib çatıb. O cavab məktublarında Oqtay Məmmədov icazə üçün müraciətin 28 və 31 iyulda edildiyini yazır. Oqtay Məmmədovun öz məktubu onun mənim haqqımda şikayətdə yazdığı müdafiə etdiyim şəxslə görüşdən yaynmağım haqda ittihamını təkzib edir”.

Yalçın İmanov bildirir ki, Oqtay Məmmədovun həmin məktubunun surətini İntizam Komissiyasına verdiyi izahata əlavə edib. İmanov həmçinin Aydın Axundova müraciət edərək, həmin sənədin Rəyasət Heyətinin üzvlərinə də nümayiş etdirilməsini istəyir.

İmanovun haqqındakı yalanı ortaya çıxaran sənədin elanını istəməsi Aydın Axundovu yenə qəzəbləndirir. O bildirir ki, buna ehtiyac yoxdur.

Yalçın İmanov razılaşmır: “Rəyasət Heyətinin üzvləri bir azdan münasibət bildirməlidir. Münasibət bildirəcəkləri məsələ haqda da məlumatlı olmalıdılar”.

Bu məqamda Rəyasət Heyətinin üzvlərindən İradə Cavadova öz fikrini bildirir. Deyir ki, İmanovun gətirdiyi dəlil onun pozuntuya yol vermədiyini göstərir.

Bundan sonra Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova qarşı işgəncədən danışır: “Penitensiar Xidmət iddia edir ki, mən yalan məlumat vermişəm. Amma mənim əlimdə Abbas Hüseynovun yazılı izahatı var. Həmin izahatı 8 avqustda Qobustan həbsxanasındakı görüşdə Abbas tərəfəindən mənə təqdim edib. İzahatda o, başına gələnləri ətraflı təsvir edib. Yazıb ki, həbsxananın rəisi Avtandil Ağayev, rəis müavini Emin Cəfərov, əməkdaşlar İlkin Axundov və başqaları tərəfindən konkret olaraq, döyülüb, işgəncələrə məruz qalıb. Həmin izahatın surətini də Vəkillər Kollegiyası Rəyasət Heyətinin İntizam Komissiyasına verdiyim izahata əlavə eləmişəm. Onu da Rəyasət Heyətinin üzvlərinə nümayiş etdirə bilərsiz.

8 avqustda Abbas Hüseynovla görüşdən sonra media nümayəndələri mənə müraciət edib. Mən də onların suallarına cavab olaraq, açıqlama vermişəm. Açıqlamalarımda da istisnasız olaraq, hüquqlarını müdafiə elədiyim şəxslərin sözlərinə istinad eləmişəm. “Onların sözlərinə görə”, “onların dediklərinə görə” tipli cümlələrlə açıqlama verilib”.

Bu yerdə Aydın Axundov bildirir ki, “Xural.com” saytında İmanovun açıqlaması hüquqlarını müdafiə etdiyi şəxsə istinadən getməyib, vəkilin öz fikri kimi verilib.

Yalçın İmanov da cavabında deyib ki, o, ümumiyyətlə, “Xural.com”a açıqlama verməyib. O, yalnız “Azadliq.info”, “Azadliq.org”, “Meydan.tv” və “Rakurs.tv” saytlarının suallarını cavablandırıb.

Bu zaman Rəyasət Heyətinin üzvlərindən Azər Quliyev müdaxilə edərək soruşub ki, hüquqlarını müdafiə etdiyi şəxs ona mediaya açıqlama vermək kimi bir səlahiyyət veribmi?

Imanov cavabında bildirib ki, əvvəla, bununla bağlı hansısa səlahiyyət verilməsinə ehtiyac yoxdur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 15-ci maddəsinin tələbinə görə, qanunla qadağan olunmayan və vəkil etikasına zidd olmayan bütün üsul və vasitələrlə vəkil hüquqlarını müdafiə etdiyi şəxsin müdafiəsini həyata keçirməlidir: “Biz vəkilliyə qəbul olunanda məhz bu otaqda and içmişik. Həmin andın əsas hissəsi bundan ibarətdir ki, “insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə edəcəyimə and içirəm”. Siz də vəkilsiz, sizə bir sual verim: vəkilin hüquqlarını müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması haqda iddiası ilə bağlı açıqlama verməsi, dövlət oranlarına müraciət etməsi qanunun, etikanın pozuntusudur, yoxsa etməməsi, heç bir addım atmaması?”.

Bu yerdə Aydın Axundov yenə əsəbiləşib və İmanovun sözünü kəsib: “Sən bizə sual verə bilməzsən…”

İradə Cavadova müdaxilə edib və bildirib ki, Yalçın İmanov işgəncə iddiasının araşdırılması üçün lazımi addımları atıb, dövlət orqanlarına da müraciət edib.

Bundan sonra ittiham predmeti dəyişib, Yalçın İmanovu mediaya açıqlama verdiyinə görə günahlandırmağa başlayıblar. Rəyasət Heyətinin üzvlərindən Telman Qasımov deyib ki, vəkil mediaya niyə açıqlama verməlidir ki? Eyni fikri israrla Rəyasət Heyətinin başqa bir qadın üzvü də bildirir.

Rəyasət Heyətinin digər üzvü Azər Quliyev isə ümumiyyətlə, iddia edib ki, işgəncələrlə bağlı məlumatlar konfidensial məlumatlardır, onu heç kim yaya bilməz.

İmanov ona cavabında bildirib ki, qətiyyən doğru deyil, işgəncələrlə bağlı məlumatlar konfidensial məlumat sayılmır: “İnsan ləyaqətini alçaldan, pis rəftar, işgəncə məlumatları konfidensial məlumat hesab oluna bilməz. Konfidensial məlumat vəkil və hüquqlarını müdafiə etdiyi şəxs arasında müqavilə öhdəlikləri və bu kimi başqa məlumatlardır”.

Yalçın İmanov daha sonra bildirib ki, avqustun 8-də axşam saat 18 radələrində Qobustan həbsxanasından çıxandan sonra media nümayəndələri ona müraciət edib. Çünki həmin vaxt Taleh Bağırzadə və Abbas Hüseynovun həyatı ilə bağlı müəyyən şayiələr dolaşırdı, onlarla bağlı məsələ gündəmdə idi: “Mən də birmənalı şəkildə onların öz sözlərinə istinadən açıqlama vermişəm. Mənim açıqlamamda Taleh Bağırzadəyə işgəncə verilməsindən söhbət getməyib. Yalnız onun 7 gün müddətinə cərimə təcridxanasına salınmasını bildirmişəm. Bir də həbsxananın İlkin Axundov adlı əməkdaşının onu təhqir elədiyini demişəm. Onu da yenə Taleh Bağırzadənin özünün sözlərinə istinadən demişəm. Ertəsi gün – 9 avqustda isə dərhal rəsmi qaydada Baş Prokurorluğa, Ombudsman Aparatına və Penitensiar Xidmətə müraciət eləmişəm. Abbas Hüseynovun mənə bildirdiyinə sonra 10 avqustda Ombudsman Aparatının Milli Preventiv Qrupunun nümayəndələri həbsxanaya gedərək, onunla görüşüb, işgəncə haqda söylədiklərini dinləyib. Sonradan Penitensiar Xidmətin Elşən adlı əməkdaşı da həbsxanaya gedib, Abbas Hüseynovla görüşüb, izahatını alıb. Abbas Hüseynovun mənə dediyinə görə, oktyabrın 21-də Qaradağ Rayon Prokurorluğunun müstəntiqi və bir tibb ekspert onun yanına gəlib, onun izahatını alıb. Abbas Hüseynovun dediyinə görə, həmin vaxt onlara deyib ki, hadisədən iki ay yarım vaxt keçib, ona görə üzərində heç bir iz qalmayıb.

Eyni zamanda, mən avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə müraciət eləmişəm. Məhkəmə nəzarəti qaydasında verilən şikayətdə Abbas Hüseynova münasibətdə Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusunun tanınmasını xahiş etmişəm. Məhkəmə həmin şikayəti icraata götürməkdən imtina edib. Daha sonra bu qərardan apellyasiya şikayəti vermişəm. Bakı Apellyasiya Məhkəməsi də Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb”.

Bu yerdə Rəyasət Heyətinin üzvlərindən Anar Bağırov hikkəli səs tonu ilə müdaxilə edir:

“Siz Vəkillər Kollegiyasını nüfuzdan salan hərəkətlərə yol vermisiz”.

Yalçın İmanov:

“Söhbət hansı hərəkətlərdən gedir?”.

Anar Bağırov:

“Amerikanın səsi” radiosuna açıqlamada müəyyən vəkillərin sifarişlə cəzalandırıldığını demisiz. İntizam Komissiyasının sizinlə bağlı rəyinə fikir bildirmisiz, demisiz ki, İntizam Komissiyası pozuntu tapmadığı halda, şikayəti baxılması üçün Rəyasət Heyətinə göndərib. Demisiz ki, bu, doğru deyil”.

Yalçın İmanov:

“Bəli. Mən yenə də o fikirdəyəm ki, Vəkillər Kollegiyası prinsipial vəkilləri müdafiə etmir və elə vəkillər haqqında şikayətlər əsassız olsa belə, onların cəzalandırılması ilə nəticələnir. Bu mövqeyimdə də qalıram. İntizam Komissiyasının rəyində yazılıb ki, “Penitensiar Xidmətin şikayəti xüsusi araşdırma tələb edir, İntizam Komissiyasının isə belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Buna baxmayaraq, şikayət qərar qəbul edilməsi üçün Rəyasət Heyətinə göndərilir”. Mən yenə də İntizam Komissiyasının bu cür rəydən sonra şikayəti Rəyasət Heyətinə göndərməsini anlaya bilmirəm”.

Anar Bağırov yenə müdaxilə edərək bildirir ki, Yalçın İmanov Vəkillər Kollegiyasının nüfuzuna xələl gətirir.

İmanov ona belə cavab verir: “Vəkillər Kollegiyasını nüfuzdan salan mən deyiləm, müstəntiqdən 20 manat alıb, müdafiə etməli olduğu şəxs haqqında sənədləri oxumadan imzalayanlardır”.

Anar Bağırov: “Biz onları da təmizləyəcəyik”.

Rəyasət Heyəti üzvlərindən Anar Bağırovla yanaşı əyləşmiş Muxtar Mustafayev də bu məqamda Yalçın İmanova qarşı çıxanlara qoşulmaq qərarı verir və bir qədər öncə danışılmış məsələyə yenidən qayıdır: “Axı sən niyə mətbuata açıqlama vermisən? Niyə dövlət orqanlarının araşdırmasını gözləməmisən?”.

Yalçın İmanov bir daha Mustafayevə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 15-ci maddəsini xatırladıb. Bildirib ki, bu maddəyə əsasən, vəkil qanuna və etikaya zidd olmayan bütün üsul və vasitələrlə hüquqlarını müdafiə elədiyi şəxsə yardım göstərə bilər: “Mediaya açıqlama vermək nə vaxtdan qanunun və ya etkanın pozulmasıdır?”.

Bu cür müzakirələrdən sonra Rəyasət Heyətinin iclasında vəziyyət gərginləşir. Rəyasət Heyətinin üzvləri eyni vaxtda danışdığından, kimin nə dediyini anlamaq olmur. Yalçın İmanov haqqındakı şikayətlə bağlı izahatını davam etdirmək, digər dəlilləri ortaya qoymaq istədiyini deyir.

Bütün müzakirələr boyu Yalçın İmanovun sözünü yarımçıq kəsən, kobud müdaxilələr edən Aydın Axundov yenə ona fikrini davam etdirməyə imkan vermir. Hətta Yalçın İmanovun haqlı olduğunu deyən Rəyasət Heyətinin üzvü İradə Cavadovanın da sözünü qəzəblə kəsir: “Siz bir gözləyin…”

Rəyasət Heyətinin üzvləri Yalçın İmanovdan indiyədək onunla bağlı hər hansı intizam, tənbeh tədbirləri görülüb-görülmədiyini soruşub. O bildirib ki, indiyədək heç bir tədbir görülməyib.

Ardınca da Aydın Axundov kobudluqda bir qədər də irəli gedərək, üzünü Yalçın İmanova tutub deyir: “Sən bir güzgüdə özünə baxmısan ki, nə vəziyyətdəsən?”.

Yalçın İmanov onun bu kobudluğunu cavabsız qoymur: “Aydın müəllim, mən güzgüdə baxmışam, öz vəziyyətimi də yaxşı bilirəm. Siz özünüzə baxın…”

Vəziyyət bir qədər də gərginləşib. Yalçın İmanova bildirilib ki, iclas otağını tərk eləsin, Rəyasət Heyəti qərar qəbul eləmək üçün müzakirə etməlidir. Təxminən beş-yeddi dəqiqəlik müzakirələrdən sonra vəkil təkrar iclas otağına dəvət edilir, Aydın Axundov Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunması və fəaliyyətinin dərhal dayandırıldığı haqda qərarı elan edir.

Həmin vaxt İradə Cavadova çarəsizliklə əllərini qaldıraraq, Yalçın İmanova “mən səni müdafiə edə bilmədim” deyir. Yalçın İmanov isə ona təşəkkür edib otaqdan çıxır.

Azadliq.info