Yalçın İmanova…

Bir neçə gün öncə Yalçın İmanov vəkillər kollegiyasından xaric olundu.
Açığını deyim ki, xəbər mənim üçün gözlənilməz olmasa da, gözlədiyimdən ağır təsir etdi. “Nardaran işi”ndə təkcə bir vəkil kimi vicdanla öz işini yerinə yetirməklə qalmayan, məhkəmə içlaslarında məhkumların dilə gətirdiyi hər işgəncə faktına başını əlləri arasına alıb yelləyən, o iclaslarda daş divarlara dəyib hər birimizin üzərinə qayıdan əzabı ruhunda hiss edib didilən vəkilin acılarını müşahidə etməmək mümkün deyildi.

“Nardaran işi” ndə gördüm ki, Yalçın bəy təkçə qanunların və faktların quru, cansız dili ilə hərəkət etmir. Hər faktın, işgəncənin əzabı onun ruhunu yun kimi didirdi və mən bunu 6 ay davam edən o məhkəmə iclaslarında dəfələrlə müşahidə etmişəm. O müdafiə etdiyi insanlara da təkçə müdafiə etdiyi insan kimi yanaşmırdı, onlarla qardaşlaşırdı və bu qardaşlaşmada əsas amil o idi ki, vəkilin daşlaşmış prinsipləri və ədalət hissi peşə vicdanı sərhələrini açıb insanlığına dayanırdı.
Və bu qardaşlaşma əslində, ədalətin və haqqın qardaşlaşması idi…

Yadımdadır, “Nardaran işi” məhkəməsinin son, hökm oxunan günü hamı gözlənilən hökmün oxunduğu andan etibarən tarixə keçən o acı dolu məhkəmənin ədalətsizliklə bitən, insanın içinə axan carəsizlk yükünün ağırlığı altında əzilirdi. Kimsə ağlamırdı, amma kədər hamının gözündə özünə yer edib orda sığınacaq tapmışdı sanki…
O gün Yalçın İmanov jurnalistlərlə yanaşı durmuşdu. Barmaqlarının arasında sıxdığı siqareti dərindən sümürüb o anda hiss etdiyi nədirsə, onu tüstü ilə birgə sinəsinə çəkib daha artıq əzab çəkmək, göynəmək istəyirdi sanki… Hərdən az irəli uzatdığı ayağının altına baxırdı, bəlkə də o zaman vəkil bu işdəki uğursuzluğuna, oxunan hökmün ağırlığına görə özünü günahkar bilirdi, “daha nə edə bilərdik ki, etmədik?” deyib 15-20 il azadlıqdan məhrum edilmiş insanlarla ruhən birləşib özünə həyatı haram etmək hökmü oxuyurdu?
Amma o bilirdi ki, vəkilliyin dəllalağı çevrildiyi bir ölkədə “daha nə edə bilərdim?” sualına veriləcək cavab yoxdur.

Bir də axı o çıxdığı işdə sadəcə maddələri sadalayıb buna uyğun da işini quran bir vəkil deyildi, həm də yaşadığı ölkənin rəngini bilirdi. Və bu rəngin çalarlarını, qarasını, bozunu öz yazılarında cansız rəng olmaqdan çıxarıb bəzən üsyankar, bəzən həzin musiqiyə çevirib bu məmləkətdə hər məhkəmədə gülləyə tuş gələn ədələtə ya ağı deyirdi, ya da üsyanın simfoniyasını yaradırdı.
O Abbas Hüseynin dara çəkilməsini ictimailəşdirəndə də müasir dövrün Pilatlarının qəzəbinə tuş gələcəyini bilirdi. Bilirdi, amma yenə də ona qurulacaq dar ağacına yürüdü, eyni şəkildə, sakit və təmkinlə…
Yalçın İmanov Kamyunun “Taun” əsəridəki həkimi xatırladır mənə… Bilirdi ki, bu ölkədəki “ədalətsizlik taunu” da indiki halda dəf ediləcək deyil, amma dayanmadan, səbrlə, bəzən hətta ümidini itirmiş olsa da belə, peşəkarcasına və astaca öz işini görürdü.

İndi onu işindən uzaqlaşdırdılar. Bu ölkədəki “taunun” dəf edilməsidə iştirak etməkdən məhrum etdilər. Amma edəcəklərmi əcaba?
İnanmıram.
Onu sadəcə vəkillikdən məhrum etmisiniz, prinsiplərindən, inandıqlarından deyil…
Baxın, əlinizdəki gücə, səlahiyyətə rəğmən sizi zavallı edən də budur…

P.S
Məncə Yalçın İmanov kimi bir vəkilin vəkillikdən uzaqlaşdırılmasının peşimançılığını elə ən çox bu işi edənlər cəkəcək. Çünki bir gün onların özünə məhkəmə qurulanda məhz Yalçın İmanov və onun kimi vəkillərin peşəkarlığına ehtiyacları olacaq.
Yalçın bəy, bir gün onların sizin vəkilliyinizə ehtiyacı olsa, əminəm ki, eyni şəkildə, qanunların sizə verdiyi imkanlar daxilində onları da, cəllad olsalar da, haqq etdikləri qədər müdafiə etməyə ərdəminiz çatar. Bundan əminəm. Və inanın, o zaman əslində, bu gün sizi sevdiyiniz peşədən məhrum edənlərə edəcəyiniz vəkillik elə onlara oxunan ən ağır hökm olacaq.
Son olaraq… Haqqınızı bizə halal edin Yalçın bəy! Bu halallaşmanı Nardaran məhbusları ailələri adından istəyirik.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb