Yağış yağanda Bakıda bəzi işıqforlar niyə işləmir?

Yağış yağanda Bakıda bəzi işıqforlar niyə işləmir?

Bakıda, adədən, yağışlı havalarda bəzi işıqforların çalışmadığı, bunun da tıxaclı paytaxt küçələrində nizamsızlıq yaratdığı müşahidə edilir.

Sürücülər işləməyən işıqforların yol qəzasına yol açdığından narahatdırlar.

İşıqforların tənzimlənməsi ilə məşğul olan Bakı Nəqliyyat Agentliyi belə halların baş verdiyini söyləyir, amma əlavə edir ki, işləməyən işıqforlar təmir olunur.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xatırladır ki, sürücülər işıqfor işləməyəndə yol nişanlarından istifadə edərək hərəkət etməlidirlər:

"Bu da yoxdursa, sürücülər sağdan yaxınlaşan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verməklə hərəkət etməlidirlər".

 

 

"Qəza ehtimalı olur"

Sürücü Murad Məmmədov, adətən, yağışlı havalarda bəzi işıqforların işləmədiyini müşahidə edir:

"İşıqforun işləməməsi halı ilə rastlaşmışam və bu, çox pisdir. Çünki heç bir rəng yanmır, yolu qorxu və stress ilə keçirsən".

Murad Məmmədov sonuncu dəfə paytaxtın mərkəzində, Səməd Vurğun parkının yanında belə halla qarşılaşıb.

"İşıqfor işləməyəndə yolun kimdə olmasiylə bağlı problem yaranır. Xüsusilə də yol kəsişmələrində. Bilmirsən, sağdakı maşına yol verəsən, yoxsa özün gedəsən. Qorxa-qorxa hərəkət edirsən. Elə düşünə bilərsən ki, digər sürücü sənə yol verir, o da eynilə düşünürsə, qəza ehtimalı yaranır", sürücü deyir.

Onun sözlərinə görə, bəzi ərazilərdə işıqfor işləməyəndə sürücülər bir-birinə güzəştə getmir və bunun nəticəsində də tıxac yaranır.

Sürücü Aygün Rəşidova yağışların başladığı bu bir neçə gündə Binəqədi rayonunda bəzi işıqforların işləmədiyini görüb.

"İki işıqfor Rəsulzadə qəsəbəsində işləmirdi. Binəqədidə də bir neçəsini gördüm. Yağış möhkəm yağır, əsas da hava qaralanda görüntü daha da dumanlı olur. İşıqfor da işləməyəndə çaşqınlıq yaradır", o deyir.

Aygün Rəşidovanın sözlərinə görə, onun qarşılaşdığı işıqforun işləməməsi halında sürücülər qaydaya görə hərəkət etdikləri üçün problem yaranmayıb.

Amma işıqfor işləməyəndə yol nişanlarına əməl olunması tıxac zamanı "işə yaramır", bəzi sürücülər deyirlər. Onların sözlərinə görə, mərkəzi yollarda avtomobillərin hərəkəti intensiv olur.

Belə hallarda isə, yəni işıqfor işləməyəndə yol tənzimlənməsiz qalır, bu zaman isə üstünlük işarəsi altındakı sürücülər yollarına fasiləsiz davam etdiklərindən ikinci dərəcəli yoldakı sürücülər məcburən yol hərəkəti qaydalarını pozmalı olurlar.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə, paytaxtda 300-ə yaxın işıqforla tənzimlənən yolayrıcları və yol birləşmələri var.

Bu işıqforların əksəriyyətinə nəzarəti isə Bakı Nəqliyyat Agentliyi həyata keçirir.

 

 

İşıqfor niyə xarab olur?

Əsasən yağış yağanda işıqforların işləməməsinin səbəbi "qısaqapanmayla da" bağlı ola bilər.

Bakı Nəqliyyat Agentliyindən BBC News Azərbaycancaya deyiblər ki, işıqforların işləməməsinə müxtəlif məsələlər səbəb ola bilər:

"Bu elektriklə də bağlı ola bilər, yağan yağışa görə yaranan qısaqapanmaya da görə", qurumun sözcüsü Mais Ağayev bildirib.

Onun sözlərinə görə, səhər saatlarında yağış yağan zaman paytaxtda bir yol kəsişməsində işıqfor işləməyib və onun da bərpası üçün dərhal işçi qrup göndərilib.

 

BBC

Facebook