Yadigar Sadıqov polisə çağırıldı

Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqov Lənkəran Şəhər Polis İdarəsinə çağırılıb. 
 
Bu barədə partiyanın Divan üzvü Elman Fəttah məlumat yayıb. 
 
O bildirib ki, çağırışla bağlı əlavə məlumat verilməyib, səbəbi də deyilməyib.
 
Polis bölməsindən çıxandan sonra Yadigar Sadıqov Toplum.Tv-yə bildirib ki, onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov qəbul edib. 
 
O deyib ki, polisə isə sosial şəbəkələrdə hakimiyyətin əleyhinə yazdığı statuslara görə çağırılıb.
 
Yadigar Sadıqov 2013-cü ilin iyununda həbs olunub. 
 
O, Qarabağ veteranı Rəşid Kərimovu döyməkdə günahlandırılıb və CM-nin 221.3 maddəsi ilə təqsirli bilinib.
 
2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Yadigar Sadıqov ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib.
 
Beynəlxalq İnsan haqları təşkilatı "Amnesty International" onu "vicdan məhbusu" kimi tanıyıb. 
 
2016-cı il martın 17-də prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.