Xəzərlə bağlı müəssisələrə xəbərdarlıq edilib

Xəzər dənizinə tullantıların axıdılmasının qarşısını almaq məqsədilə müəssisələrə müasir təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq-bildiriş məktubları göndərilib.
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən bildiriblər.
 
İdarədən verilən məlumata görə, monotorinqlərə əsasən müəyyən edilib ki, Xəzər dənizini istər şimalda, istərsə də cənubda ən çox çirkləndirən əsas mənbələr ictimai iaşə müəssisələrində formalaşan tullantı sularıdır.
 
İdarədən bildirildiyinə görə, tullantı sularından götürülən analizlərin nəticələri göstərir ki, dənizə axıdılan həmin sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır.
 
Qurum vurğulayır ki, bir çox hallarda istehsalat və məişət tullantı suları təmizlənmədən çaylar vasitəsilə birbaşa dənizə axıdılır.
 
İdarədən habelə bildirilib ki, axarlardan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, neft məhsulları, səthi aktiv maddələr və bioloji çirkləndirici maddələr normadan yüksəkdir.
 
Qurum qeyd edir ki, müəssisələrinin əksəriyyəti təmizləyici qurğular quraşdırmayıb.
 
Azadlıq Radiosu