"XXI əsrdə çarmıxa çəkilmiş AZƏRBAYCAN!"

Milli Şura sədri Cəmil Həsənli Qobustan həbsxanasında Nardaran məhbuslarına verilən işgəncələrə münasibət bildirib:

"Dostlar! “Qobustan” cəzaçəkmə müəssisəsində Nardaran məhbusları Abbas Hüseynin və Cabbar Cabbarovun başına gətirilənlər barədə vəkil Yalçın İmanovun məlumatından xəbər tutdum. XXI əsrin ikinci onilliyində “Qobustan” həbsxanasında məhbusu çarmıxa çəkirlər, bir heyvanı dirəyə bağlayan kimi insanı həbsxana həyətində qızmar günəş altında dirəyə bağlayırlar.

Vəkilin Abbas Hüsüynə istinadən verdiyi məlumatda bu rəzalətin, bu görünməmiş işgəncənin həyata keçirilməsində Qobustan həbsxanasının rəisi Aftandil Ağayev, müavini Emin Cəfərov, həbsxana əməkdaşları İlkin Axundov, Namiq Ağayev, Rövşən, İqbal adlı digəri şəxsən iştirak ediblər. Göründüyü kimi, dövlət adından məhbusa qarşı ağır işgəncə əməli törədilib. Cənab İlham Əliyevin cəmiyyətə vəd etdiyi “hüquqi” dövlət adından. 

Abbas Hüseyn deyir ki, “iyulun 22-i günorta namazından sonra gətirildik Qobustana. Salam verən kimi həm Cabbarın, həm də mənim əllərimizi arxadan qandalladılar, yerlə üzüstə sürüyə-sürüyə apardılar. Cabbar, mən, bir də başqa bir dustaq vardı. Üzümüzü divara yapışdırıb, günün istisində üzü divara saxladılar. Mən bizim hüquqlarımızın olduğunu deyəndə, onlar “bura Qobustandır” cavabını verdilər. Sonra Rövşən adlı həbsxana əməkdaşı dedi ki, “bu, çox danışır, bunu başa salın”. Sonradan adının Axundov İlkin Ruslan oğlu olduğunu öyrəndiyim gizir “dubinka”yla kürəyimə zərbələr endirməyə başladı”. Abbas deyir ki, “təxminən 3 saata yaxın dirəyə bağlı vəziyyətdə saxlanıldım. Əllərim arxadan qandallı vəziyyətdə, üzüm dəmir dirəyə yapışmış halda. Məni dirəyə bağlayan həbsxananın İqbal və Rövşən adlı əməkdaşları idi. Günün ən qızmar vaxtında. 3 saatdan sonra dirəkdən açıb, yenidən karsa saldılar”. 

Və bütün bu rəzalət bir sıra dövlət orqanlarının konstitusyon nəzarətdən çıxmasına dəlalət edir, çiynində dövlətin verdiyi rütbəni gəzdirənlər tərəfindən, "dövləti" qorumaq adı altında həyata keçirilir. Bunlar XXI əsrdə islam inanclı, saxta ittihamla həbs edilmiş Nardaran məhbusu, içində ALLAH və VƏTƏN sevgisi gəzdirən Abbas Hüseyni 2000 il əvvəl İsa Məsih kimi çarmıxa çəkirlər. Çağdaş Azərbaycanın, Avropa Birliyinin Şərq tərəfdaşılığı proqramına inteqrasiya olmağa meyllənən İlham Əliyev idarəçiliyinin nəinki astar, hətta üz tərəfinin də gerçək mənzərəsi bu acı reallıqdan ibarətdir: XXI əsrdə çarmıxa çəkilmiş AZƏRBAYCAN!"