XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı mətbuat konfransı keçirildi - Foto

İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin Prezidenti Yanes Koçyançiç, baş katibi Raffael Panyozzi və Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsindən qürur duyduğunu ifadə edən Azad Rəhimov xatırladıb ki, qitənin 48 ölkəsinin idmançıları 7 gün ərzində mükafatlar uğrunda mübarizə aparacaqlar:

“Paytaxtımız Bakı daha bir mötəbər idman tədbirinə ev sahibliyi edir. Yarışları qəbul edəcək bütün idman obyektlərimiz, Atletlər kəndimiz, bütünlüklə Bakı bu Festivala tam hazırdır. Artıq bütün atletlər və Milli Olimpiya Komitələrinin nümayəndələri Atletlər Kəndində yerləşiblər. Biz əminik ki, 48 ölkə atletlərinin iştirakı ilə baş tutacaq bu 7 günlük yarışlar atletlərdə, idman həvəskarlarında, jurnalistlərdə unudulmaz anlar, xoş xatirələrlə iz buraxacaq”.
Avropa Olimpiya Komitələrinin Prezidenti Yanes Koçyançiç Bakıya bir daha təşrif buyurmasından məmnunluğunu bildirib və gənclərin idman bayramının yüksək səviyyədə keçəcəyinə əmin olduğunu qeyd edib.

Mətbuat konfransında jurnalistlərə hazırlıq işlərinin yekunu barədə məlumat verilib. Media mənsubları ümumi statistika ilə tanış edilib, oyunlara marağın böyük olması diqqətə çatdırılıb. Qeyd edilib ki, açılış və bağlanış mərasimlərinə biletlər tam satılıb.