Xızı sakini polisi silahla hədələyib

Sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub. ​Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilmişdir. Bu barədə DİN-dən məlumat verilib.

 

​Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı 65 ədəd tapança patronu, 1 ədəd patron darağı, 2 ədəd kabura, habelə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülüb.

 

​Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

 

​Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağagül Ağayev Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yaşadığı evin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

 

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.