Xilasedicilərin cəsəd üçün 5 min manat tələbinə: FHN-dən cavab

Xəbər verildiyi kimi, avqustun 5-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə İmişli rayonundakı Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən 5 nəfər dalğıc-xilasedici və 2 texnika cəlb edilib və axtarışlar öz müsbət nəticəsini vermişdi.

Belə ki, vətəndaşın cəsədi avqustun 7-də hadisə yerindən 50 kilometr aralıda aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.  

Fövqaladə Hallar Nazirliyinin mətbuat katibi Oktay Bayramov  deyib ki, bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün guya zərərçəkmişin ailəsindən 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer alıb:

“Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsi tərəfindən bununla bağlı aparılan araşdırma, həmçinin batan şəxsin ailə üzvləri ilə söhbətlər zamanı sözügedən iddia təsdiqini tapmayıb. Fövqəladə Hallar Nazirliyi bir daha kütləvi informasiya vasitələrinə müraciət edir ki, nazirliyin fəaliyyəti ilə bağlı informasiya yaymazdan əvvəl FHN-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparsınlar”.