Xədicə İsmayılovanı yenə də ölkədən buraxmayıblar

Bu gün Binəqədi Rayon Məhkəməsində Rəşad Əliyevin sədrliyilə keçirilən prosesdə jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın ləğvi barədə müraciəti təmin edilməyib.

X.İsmayılova Turan-a bildirib ki, Kanadada jurnalist mükafatlarının təqdim edilməsi mərasimimdə iştirak etmək istəyib. Belə ki, o, Britaniyanın Kolumbiya Universiteti yanında Allard mükafatının üç finalçısından biridir. Təqdimetmə mərasimi sentyabrın 28-də Vankuverdə olacaq.

Beynəlxalq Allard mükafatı korrupsiyaya qarşı mübarizədə əsasən açıqlıq, məsuliyyət və qanunun aliliyi kimi prinsiplərin yayılmasına yardım yolu ilə cəsarət və liderlik keyfiyyətlərini nümayiş etdirən şəxslərə verilir. Mükafatın məbləği 100 000 Kanada dollarıdır və iki ildə bir dəfə təqdim olunur.

Bundan əlavə, hər altı ayda bir dəfə fotomüsabiqə keçirilir. Bu çərçivədə fotoqrafın Allard mükafatının ideallarını fotoda əks etdirmək qabiliyyəti qiymətləndirilir. Müsabiqənin qalibinə 1000 Kanada dolları həcmində pul mükafatı verilir. Onun işləri altı ay ərzində Allard mükafatının veb-saytında yer alır.

Bundan öncə də X.İsmayılovanın ölkədən çıxışından imtina edilib. Buna səbəb kimi onun barəsində azadlıqdan şərti məhrum edilməsi haqda hökmün olması göstərilib.

Jurnalist bu qərardan şikayət verib və Azərbaycanda bütün məhkəmə instansiyalarından keçərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

X.İsmayılova 2014-cü il dekabrın 5-də vergidən yayınma, qanunsuz sahibkarlıq ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib. 2016-cı il mayın 25-də Ali Məhkəmə cəza müddətini 3,5 ilədək azadlıqdan şərti məhrumetmə ilə yumşaldıb.