Xarici ölkələrdən maliyyələşən KİV-lərin ''casus'' hesab olunması təklif edilir

Aqil Abbas: “Bizim də belə bir qanuna ehtiyacımız var”

Azərbaycanda xarici ölkələrdən maliyyələşən KİV-lərin "casus" hesab olunmasını nəzərdə tutan qanunun qəbul edilməsi təklif edilib. Deputat Aqil Abbas parlamentin Mədəniyyət komitəsinin iclasında bildirib ki, analoji qanun Rusiyada qəbul edilib.

Bu qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər "xarici agent" hesab olunacaqlar.

“Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var” – deyə deputat bildirib.

Noyabrın 15-də Rusiyanın Dövlət Duması xaricdən maliyyələşən media orqanlarının "xarici agent" kimi tanınmasına imkan verən qanun layihəsini üçüncü - yekun oxunuşda qəbul edib. Duma yekdilliklə qanunun lehinə səs verib.

Daha öncə xarici işlər naziri Sergey Lavrov demişdi ki, Rusiya tərəfinin reaksiyası sürətli olacaq.

AzadAvropa/AzadlıqRadiosu Dövlət Dumasının qərarı ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir: “Bugünkü səsverməni Rusiyadan maliyyələşən medianın Birləşmiş Ştatlarda üzləşdiyi tələbələrə “qarşılıqlı” cavab hesab etmək yersizdir. RT və Sputnik ABŞ-da azad şəkildə yayılır, AzadAvropa/AzadlıqRadiosu isə administrativ təzyiqlər sonucunda yayım tərəfdaşlarını itirib, kabelə də çıxışı yoxdur. AzadAvropa/AzadlıqRadiosu-nun reportyorları Rusiyada qısnamaya və fiziki hücuma məruz qalırlar, RT-nin reportyorları isə ABŞ-da bu cür təhdidlə üzləşmirlər. AzadAvropa/AzadlıqRadiosu-nun işi Rusiya da daxil olmaqla, bütün dünyada rusdilli izləyicilərimizi dəqiq və obyektiv jurnalistikayla təmin etməkdir. Jurnalist işimizi davam etdirəcəyimizi gözləyirik”.