Xanım Əliyeva dedi ki, heç vaxt yol verməz ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın

İyunun 26-da rusiyalı yazıçı Aleksandr Proxanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb. A.Proxanov "virtualaz.org"-la Mehriban Əliyeva ilə görüşü barədə təəssüratlarını bölüşüb. 

Mən ona valeh oldum

Müasir Rusiyanın ideoloqlarından biri hesab edilən yazıçı deyib ki, Mehriban Əliyevaya valeh olub:

"Onun məlahəti, gözəlliyi, düşünülmüş fikirləri, bü günümüzün mürəkkəb təzahürləri barədə dərin düşüncəsinə heyranam. Söhbətimizin əvvəlində o, mənim bəşəriyyətin hazırda yaşadığı dəyişikliklərə münasibətdə mövqeyimlə maraqlandı. Yeni bəşər hansı hissləri doğurur və hansı taleyin müjdəçisidir. Bu, nə dərəcədə təhlükəli və hansı dərəcədə gözəldir? Söhbətimizin ilk 15 dəqiqəsini biz onunla bəşəriyyətə gələn və köhnə ideyaları silib aparan yeni ideyalar – düşmənçilik, nifrət, rəqabət və dominantlıq barədə fikir mübadiləsində olduq.
Mən eyni zamanda ondan soruşdum ki, hazırda nə ilə məşğuldur və nələrlə maraqlanır. Cavab verdi ki, yeni vəzifəsinin onun üzərinə qoyduğu xeyli sayda qayğılara baxmayaraq, mütaliə edir. Belə ki, bu yaxınlarda Lev Nikolayeviç Tolstoy və onun həyat tarixçəsi barədə kitabı oxuyub. Onu məşğul edir ki, nəyə görə bu cür nəhəng insan bütün işlərini ataraq, evindən, ailəsindən didərgin düşüb, nə axtarırmış?

Biz onunla çox maraqla və dərin şəkildə bu dünyada birlik, bütün varlıqların birliyini axtaran Tolstoy barədə müzakirə apardıq. O, Tolstoy və insanda inkişaf etmiş bu həyat ideyası barədə çox maraqla danışırdı.

Sonra biz onunla yeni Azərbaycan dövlətinin təşəkkülü barədə danışdıq. Bu məsələdə olduqca vacibdir ki, insanlarda yeni iradə, yeni ideya, yeni daxili mədəniyyət yaransın. Belə ki, Azərbaycan dövlətinin inkişafı yeni millətin, yeni, mütləq mənada müstəqil və süveren, lakin dünyaya açıq Azərbaycan dünyagörüşünün inkişafı ilə paralel şəkildə getsin. Ki, o bu gün bəşəriyyətin həyatında baş verən bütün xeyir əməllərə açıq olsun.

Rusiyalı yazıçı Aleksandr Proxanov

Rusiyalı yazıçı Aleksandr Proxonov

Jurnalistin "Dünən siz Azərbaycan prezidenti İlham Əliyevlə, bu gün isə birinci xanım, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşmüsünüz. Siz Birinci vitse-prezidentlə dövlət başçısının tövsiyəsi əsasında görüşdünüz? Bu görüşlər hər hansı şəkildə bağlıdır" - sualını cavablabdıran yazıçı hedab edib ki, bu, bir görüş idi və iki hissəyə bölünmüşdü:
"Bir görüşün bu iki hissəsini bir sutkalıq zaman fasiləsi ayırdı. Prezident İlham Əliyevlə görüş zamanı hiss etdiyim o səmimiyyət bu gün xanım Əliyevanın iqamətgahında təkrarlandı.

Bu, bir insanla görüşə bənzəyirdi. Lakin biri hansısa məqamda prezident, digəri isə vitse-prezident rolunu yerinə yetirirdi. Bu insanlarla ünsiyyət məndə isti təəssürat yaratdı. Söhbətlərimiz çox mürəkkəb və təhlükəli mövzuları əhatə etsə də, onlar mənə ailə çevrəsində söhbəti xatırlatdı. Bu, protokol söhbəti deyildi, müşavirə deyildi, düşüncələrin gizlədilməsi ilə bağlı bir şey deyildi. Bu, açıq həyəcanlar, ən kəskin və həmsöhbət üçün xoşagəlməz təzahürlər barədə fikirlər idi. Bugünkü dünya çox sirli və mübhəmdir. Və bu sirri açmaq üçün çox ehtiyatlı olmalısan ki, səhv etməyəsən və dünyaya zərər verməyəsən. Bu görüşlərdən təəssüratlarım bu cürdür".

Prezidentin və vitse-prezidentin düşüncələrində nifrət duymadım

A.Proxanov deyib ki, görüşdə sülh və hərbi məsələlər müzakirə olunub:

"Məni sevindirən və heyrətləndirən odur ki, həm prezidentin, həm də vitse-prezidentin düşüncələrində nifrət duymadım.

Xanım Əliyeva dedi ki, heç vaxt yol verməz ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir.

Mehriban Əliyeva anlayır ki, qan tökmək yolverilməzdir. Çox küskünlüklər toplanıb. Lakin bununla birlikdə, o hesab edir ki, bu, yüksək humanitar prinsiplər əsasında həll ediləndir. O prinsiplər ki, bütün insanlar və xalqlar özündə insaniyyəti artırmalıdır. Və xalqlarda insaniyyət nə qədər çox olarsa, onlar bir-birinə o qədər yaxın olacaqlar.

Görüş vaxtı cənab prezident müharibə vəziyyətində olan dövlətin başçısına xas tərzdə geosiyasi, hərbi strategiya və rəqabət kateqoriyaları üzrə düşünürdüsə, onun xanımı humanizmdən danışırdı, müəyyən qədər Lev Tolstoy kimi".

Azərbaycan yeni dövlətini rus və sovet varlığını dağıtmadan qurur

Yazıçı və siyasətçi İsmayıllı rayonunun İvanovka kəndində olmasından, ölkədı ruslara münasibətdən də danışıb:

"Bilirsiniz, mən hələ də Ukraynada cərəyan edən bugünkü hadisələrin təəssüratı altındayam. Mən dəhşətə gəlirəm və üzgünəm ki, ukraynalılar özlərinin yeni dövlətini rusofobiya üzərində qururlar. Lakin bu yaxşı heç nə gətirmir və yeni fəlakərlər törədir.

Azərbaycan isə yeni dövlətini rus və sovet varlığını dağıtmadan, harmoniya tapmağa çalışaraq qurur. O, Azərbaycanla Sovet İttifaqı arasında, yaxud ümumi tariximizin 70 ilindən əvvəlki azərbaycanlılarla ruslar arasında bütün parlaq, vacib və mədəni olanı saxlamağa can atır.

Və bu nəticələrini verir. Mərhum Heydər Əliyevin, eyni zamanda hazırkı prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın yanaşması belə olub və belədir. Öz dövlətini nifrət, antaqonizm, zor üzərində qurmaq olmaz.

Bildiyiniz kimi, mən molokanam və doğma İvanovka kəndim rusca gözəl danışır. Mən molokanlardan müasir və düzgün rus dilini öyrənmək istəyirəm. Azərbaycanda rus məktəblərinin necə işlədiyini və rus dilinin necə qorunduğunu görürəm".

Biz iki qardaş dövlət olmaq üçün hər şeyə malikik

"Yaxın illərdə iki ölkənin münasibətlərinin gələcəyini necə görürsünüz"- sualını müsahib belə cavablandırıb:

"Rusiya özünün yeni dövlətini qurur və mən bacardığım qədər bunda iştirak edirəm. Azərbaycan da özünün yeni dövlətini qurur. Vacibdir ki, rus və Azərbaycan dövlət quruculuğu paralel getsin. Onlar diqqətlə bir-birini izləsinlər və bir-birini nəzərdən itirməsinlər. Vacibdir ki, qonşunun dövlət quruculuğundakı hər bir addım dərs kimi qavranılsın.

Mənim İzbor klubunun Bakıda şöbəsinin yaradılması ideyam vardı və bu ideyanı prezident də, vitse-prezident də dəstəklədi. Bu isə özü-özlüyündə rusiyalı və azərbaycanlı dövlətçilərin görüşüdür və onlar dövlətlərimizin təşəkkülü maraqlarından çıxış edərək münasibətlər qursunlar. Və bu, nəsə abstrakt bir şey olmasın, təcrübə mübadiləsi aparılsın, görüşlər və şübhələr paylaşılsın. Biz iki qardaş dövlət olmaq üçün hər şeyə malikik.

 

Aleksandr Proxanov (Foto: Report)

Aleksandr Proxonov

A.Proxanov Ermənistan tərəfinin onun səfərinə reaksiyasına da münasibət bildirib:

"Əgər ermənilər hesab edirsə ki, mən Azərbaycana bir neçə Rusiya diviziyası, S-600 kompleksləri, yaxud Laçına yeni hücum planı gətirmişəm, çox yanılırlar. Mənim arxamda nə Baş qərargah, nə də FTX var. Mən rusiyalı ziyalı, intellektual və yazıçıyam. Bura gəlmişəm ki, Bakıdakı dostlarımı qucaqlayım, təsdiq edim ki, Bakını, azərbaycanlı dostlarımı sevirəm. Mən bura Kalaşnikov avtomatı ilə yox, gül-çiçəklə gəlmişəm".

Müasir Rusiyanın ideoloqlarından biri hesab olunan, yazıçı və siyasətçi Aleksandr Proxanov bir neçə gündür Azərbaycanda səfərdədir. Bu günlərdə rusiyalı qonaq Qarabağ icmasının liderləri, ziyalıların nümayəndələri ilə görüşüb, İvanovka kəndinə səfər edib, rəsmi şəxslərlə və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bakıda səfəri çərçivəsində A.Proxanov bir sıra bəyanatlar verib.