Vəziyyət insanı dəyişmir, ələ verir

Ölkədәki durum bəllidir: səfalət, sistem böhranı, əxlaqi və mənəvi deqredasiya və s. Təfərrüata varıb uzunçuluq etmək istəmirəm, hər kəsin bildiyi gerçәklәri tәkrarlamağa nə hacət? Doğrusu, bu vəziyyətdən xəbərdar olmamaq təəccüblü olardı, çünki ilk cümlələrdə işlətdiyim 3-5 sözün ifadə etdiyi problemlər ölkәdә özünü bütün çılpaqlığı ilə elə göstərir ki, görməmək üçün kor olmaq lazımdır. Lakin bundan da betəri sadaladığım və sadalamadığım problemlərin uzun illər davam etməsi nəticəsində yaranan daha dәrin böhran - cәmiyyәti ağuşuna almış total ümidsizlikdir. Bəli, cəmiyyətdə ümidsizlik böhranı yaşanır və onun dərinliyi günü-gündən artır. Gecə saat 10-dan sonra Bakı metrosunda peyda olan sərnişinlərin üzlərindəki qəribə ştrixlərə, intihar xəbərlərinin sayına, ölkədən köçənlərin statistikasına, bir neçə yüz manat üçün öz ləyaqətini alçaldan ziyalılara baxaraq, bu dərinliyi ölçə bilərsiniz. Azərbaycan insanı ümidsizdir, övladlarının gələcəyindən, öz sabahından, elə bu günündən də ümidsizdir. Onun üçün sabah - dəhşətli, qorxulu, gəlməyini istəmədiyi gələcək, bu gün – yaşamaq uğrunda yox, sağ qalmaq uğrunda apardığı mübarizə, dünən – artıq həsrətini çəkdiyi, bitməsinə heyfisləndiyi, nəğmələr qoşub şeirlәr hәsr etdiyi uzaq keçmişdir. İnsan niyə ölümdən qorxur? – çünki ondan sonrasını bilmir, şair niyə “ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim” deyir? – çünki ötən günlər şirin xatirələrlə doludur, gələn günlərdə nәlәr olacağından isә xəbərsizdir. Azərbaycan insanı ölüm kimi, ötən günlərə qurban vermək istərcəsinə gələcəkdən qorxur.

Belә şəraitdə təbii olaraq, təslimçilik və biganəlik ümumi әhval-ruhiyyәyә çevrilir. Hazırda ölkәdә nasist qırğınına gedən yəhudilər sayaq yüzminlərlə insan təslimçilik ab-havasında, öz taleyinə biganə şəkildə yaşayır. Keçmişdə vəziyyəti dəyişməyə çalışan yüzlərlə şәxs isə artıq vəziyyətə uyğunlaşmaq yolunu seçib. Bəzən bu insanların dəhşətli metomarfoz prosesindən necə keçdiyinə şahid oluruq. Dünən qəhrəman sayılan, dəyərlərdən, prinsiplərdən odlu-alovlu çıxışlar edən, indi isə corab kimi əqidə dəyişməklə məşğul olan və bu dəyişikliyə həyasızcasına haqq qazandırmağa çalışan insanların həyat hekayələri doğrudan da ibrətmazdir. Fransa inqilabının bәdnam siması, hamıyla dil tapmağın ustası sayılan Fuşenin müasir prototipləri olan bu insanları vəziyyətmi dəyişdirdi? – Məncə yox. Vəziyyət insanı dəyişmir, ələ verir. Onlar dünən də Fuşe xislətli idilər, sadəcə bu günki dəyişiklik əsl mahiyyətlərini üzə çıxardı. Böhran vəziyyətlərinin müsbət cəhəti odur ki, ştrixləri, konturları konkretləşdirir, insanların əsl rəngini tanıdır. Yalançı, icazəli qəhrəmanlar səhnədən çəkilir, avanqarda adi zamanlarda çox da üzdə olmayanlar çıxır. Əslində, bu təbiidir. Çünki düşünməyin suç, düşüncәlәrini ifadə etməyin isə cinayət əməli sayıldığı şəraitdə aparılan mübarizə hər hansı siyasi hədəfdən çox, şəxsi ləyaqət və prinsiplərə görədir. Və bilmirəm, nə dərəcədə aiddir, ya yox, amma yazımı dahi Hüqonun “Səfillər”indən bir parça ilə bitirmәk istəyirəm:

"Cəsarət etmək! Tərəqqi cəsarətlə əldə edilir! Bütün şanlı zəfərlər az, ya çox dərəcədə igidliklə qazanılırİnqilabın olması üçün Monteskiyonun onu qabaqcadan hiss etməsi, Didronun təbliğ etməsi, Bomarşenin elan etməsi, Kondersenin hesaba alınması, Aruenin hazırlanması, Russonun əvvəlcədən görməsi kifayət deyildi. Dantonun cəsarət etməsi lazım idi!

Cürətli olun! Bu çağırış “Fiat lux” (Yaransın dünya!-latınca) kimi bir şeydir. İrəli hərəkət etmək üçün bəşəriyyətin qarşısında həmişə zirvələr başında şanlı qəhrəmanlıq nümunələri olmalıdır. Qəhrəmanlıq tarixdə parlaq işıqlar saçır, bu, insanların parlaq məsələlərindən birirdir. Şəfəq də söküləndə cəsarət etmiş olur. Təşəbbüs etmək, israr etmək, tabe olmamaq, öz özünə sadiq qalmaq, tale ilə tək-təkinə çarpışmaq, təhlükəni qorxmadan tərk-silah etmək, ədalətsiz hakimiyyəti qamçılamaq, məst olmuş qabiliyyəti bədnam etmək, möhkəm durmaq, dönməmək- bax insanlara lazım olan ibrət dərsi budur. Budur onları ruhlandıran işıq"