“Əvvəllər bura mənim üçün yeməkləri şit olan ölkəydi, indi isə ikinci vətən...”

“Əvvəllər bura mənim üçün yeməkləri şit olan ölkəydi, indi isə ikinci vətən...”

"Əvvəllər bura mənim üçün yeməkləri şit olan ölkəydi, indi isə ikinci vətən...”
Azərbaycanı özünə ikinci vətən sayan Əhməd Kaşif pakistanlıdır. Metropolitenin "Nizami” stansiyası yaxınlığında paltar mağazası varr.
O deyir ki, Bakıya gəlişinin səbəbi sadəcə pul qazanmaq olub - Bakıda xeyli sayda hostel işlədən, ticarətlə məşğul olan pakistanlılar kimi.
Dediyinə görə, azərbaycanlıların nisbətən ucuz Pakistan mallarına olan tələbatı onu kiçik ticarətlə məşğul olmağa həvəsləndirib.
"Daha sonra Azərbaycan dilini öyrəndim, yeməklərə uyğunlaşdım. Həyat yoldaşım azərbaycanlıdır, bir oğlumuz da var” – Əhməd Kaşfi burda qalmaq üçün xeyli səbəb sadalayır.
Bugünlərdə Əhməd Kaşif az qala azərbaycanlılar qədər siyasətlə maraqlanır. Biz onu ilk dəfə görəndə də mobil telefonunda cəbhədə baş verən hadisələri izləməklə məşğuldu. Dağlıq Qarabağda baş verənlər azərbaycanlılar kimi onu da həyacanlandırır, qayğılandırır.
O deyir ki, ölüm hər yerdə insanı yaxalaya bilər - Azərbaycanda da Pakistanda da: "Ona görə də təhlükədən qaçmaq yox, onunla üzləşmək lazımdır”.
Əhməd Kaşifin sözlərinə görə, bugünlərdə Bakıda indiyə qədər görmədiyi qədər tünd yaşıl bayraq asılmasına şahid olub: hansısa maşının şüşəsində, tanımadığı binanın pəncərəsində. Bu da onun Bakıda özünü daha doğma hiss etməsinə səbəb olur.
Qarabağ haqqında bilgisi isə burda yaşayan qarabağlıların danışdığı qədərdir. Qarabağı heç görməyən Əhmədin fikrincə, ora azərbaycanlıların uğrunda öldüyü yerdir.

Mağazanın çölünə sancdığı üçrəngli bayraq da bu dəstəyi ifadə etmək üçünmüş: "Bir halda ki, sizin adamlar Pakistanı özünə yaxın bilir, bu da mənim ikinci vətənimin bayrağıdır”.
O, burda özünü heç zaman özgə hiss etmədiyini söyləyir. Hiss etdiyi yeganə fərq yeməklərdədir.
Dediyinə görə, evləndikdən bir müddət sonra Pakistanda yaşamağa çalışsalar da, həyat yoldaşı oranın isti iqliminə və yeməklərinə öyrəşə bilməyib. Bu baxımdan daimi yaşayış yeri kimi Bakını seçməli olublar.
Tez-tez öz ölkəsinə səfər etdiyini deyən Əhməd bir ildən çoxdur ki, Bakıdan çıxa bilmir. Əvvəlcə pandemiya, sonra da hərbi vəziyyət səbəbindən yolların bağlanması bir çox xarici vətəndaşların burda qalmasına səbəb olub.
O, indiki şəraitdə Pakistana getməyi ağlına belə gətirmir: "Torpaqlar alınandan, sülh bağlanandan sonra bəlkə…”
Azərbaycanın iddiasına görə, Ermənistan sentyabrın 27-də təxribat törədib, bundan sonra döyüşlər başlayıb.
Azərbaycan bu müddətdə Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərini, iki qəsəbəni, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri azad edib.

Facebook