Vüsal Nadiroğlu həbsdən yazır

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü Vüsal Nadiroğlu Rakurs TV-ə məktub ünvanlayıb.

Məktubu olduğu kimi təqdim edirik:

"Dəyərli tələbələrimə,

Allahın salamı olsun hər birinizə,

Mən sizlər üçün, dərslərimiz və müzakirələrimiz üçün darıxmışam. Əminəm ki, siz də eyni düşüncədəsiniz. Artıq 20-ci aydır ki, məni sizlərdən, auditoriyalarımdan, təlim seminarlarımızın tədrisindən ayırıblar. Şübhə yoxdur ki, Allahın izni olmadan bir yarpaq belə yerə düşmür. Bizim bu gün həbsdə olmağımız da Allahın təqdiri və izni ilədir. Belə məqamlar möhkəmlənmək, dostla düşməni ayırmaq üçün bir fürsətdir. Prosesləri təhlil etmək və hadisələrə düzgün rakursdan baxmaq lazımdır. Həbsxana həyatı bizim üçün yaradıcılıq, maarifçilik, özünütərbiyə və təbliğatla məşğul olmaq fürsəti yaradıb. Təsadüfi deyil ki, dahilərin bir çoxu həbsxana həyatı yaşayıb. Fyodr Dostoyevski, Nəsrəddin Tusi, Nelson Mandela, Ruhullah Musəvi Xomeyni, M.Ə. Rəsulzadə, Tale Bağırzadə, Hz.Yusif (ə), İmam Museyi Kazım (ə) kimi şəxsiyyətlər buna nümunədir. Ona görə məyus olmağa dəyməz. Həbs məğlubiyyət deyil.

Sizlərə tövsiyəm: Özünüzü yetişdirin, elmlənin, Azərbaycan gəncliyinin maarifçiliyə böyük ehtiyacı var. Sizlər bildiklərinizi paylaşın, milli özünəgüvən hisslərinizi möhkəmləndirin, valideynlərinizlə xüsusi ehtiramla davranın, dövr və zamanınızı ciddi təhlil edin, ölkəmizdəki prosesləri yaxından izləyin, mövqe bildirin və ən əsası Allahın hökmlərini icra edin və haqqı müdafiə edin. Yalnız Allahdan qorxun ki, qəlbinizdən digər qorxular çıxsın. Çünki qorxu bizim xalqın bir çox dəyərlərini əlindən alıb. Dünyada bütün xalqlar qorxudan uzaqlaşmağın hesabına uğur qazanıblar. İnşallah ilahi təqdir görüşümüzü nə vaxt qismət edəcəksə, onda görüşəcəyik. Əlbəttə, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Allah bizlərə yetər. Bizlər qalibik, haqq qalibdir!  Əgər uduzacağımız düşünsək, artıq uduzmuşuq! Əgər rəqibi özümüzdən güclü bilsək, deməli döyüşsüz təslim olmuşuq. Müvəqqəti çətinlik nəticə deyil. Hər məğlubiyyətdə uğur toxumu yatır. Əgər beynimizi həllə kökləsək, hər vəziyyətdən çıxış yolunu tapacayıq. "Mümkün deyil" sözünü lüğətimizdən çıxarmalıyıq. Çətinliklər uğurun pilləkənləridir. Hər maneəni fürsət bilək. Onları köməkçi vasitə hesab edək. Qələbə əvvəl-axır ona inanana nəsib olacaq. Geriyə yol bağlıdır, yalnız irəli! Əgər inadkar olsaq, məğlubiyyətdən sığortalanmışıq demək. İnadkarlığı heç bir dahi dünyanın ən böyük var-dövlətinə dəyişməz. Diqqətiniz üçün təşəkkür edirəm.

Hörmətlə; Vüsal Nadiroğlu MHB-nin İdarə Heyətinin  üzvü,

Sosial psixologiya üzrə araşdırmaçı

Bakı İstintaq Təcridxanası"