Vəkilləri Fərman Ceyranlıya bəraət istəyir

Tbilisi Şəhər Məhkəməsinin 6 il azadlıqdan məhrum etdiyi cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının vəkillərinin yuxarı məhkəmədən ona azadlıq istədiyi bildirilir. Vəkillərinin cərrah barədə hökmdən Gürcüstan Apellyasiya Məhkəməsinə şikayət etdikləri deyilir.
 
Bu haqda cərrahın qızı Lalə Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, vəkilləri və yaxınları F.Ceyranlı barəsində hökmü qanunsuz, əsassız hesab edirlər.
 
Qızının deməsinə görə, apellyasiya şikayətində vurğulanır ki, məhkəmə işə baxarkən qanunları düzgün tətbiq etməyib. Ardınca isə hökm maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılıb.
 
Yuxarı məhkəmədən F.Ceyranlı barəsində hökmün ləğv olunmasının, cərraha bəraət verilməsinin istəndiyi deyilir.
 
L.Hüseynli həmçinin deyir ki, Şikayətə nə vaxt baxılacağı hələlik bəlli deyil.
 
Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib. 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı kimi fəaliyyət göstərib. O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lancet» klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.
 
F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) maddələri ilə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
 
Tbilisi Şəhər Məhkəməsi fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı ittihamlardan dələduzluq təsdiqini tapıb.
 
toplum.tv