Vəkillikdən uzaqlaşdırılmılş hüquqşünas mübarizəsini davam etdirir

“Onlar yorulmursa, mən niyə yorulmalıyam”

Bakı Apellyasiya Məhkəməsində vəkillikdən kənarlaşdırılmış Əlayif Həsənovun iddiası üzrə məhkəmə prosesi keçirilib. 1 saylı Bankı İnzibati İqtisad məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılıb.

Əlayif Həsənov Vəkillik Fəaliyyəti haqqında qanuna uyğun vəkillikdən kənarlaşdırılmış şəxslərin ildə bir dəfə xüsusi imtahan olmadan vəkilliyə bərpa olunması hüququndan istifadə edərək Vəkillər Kollegiyasının İxtisas Komissiyasına müraciət edib. İxtisas Komissiyası isə onun ərizəsini qəbul etmədikdə o, aidiyyatı üzrə 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. 29 avqust 2017-ci il tarixdə iddianın təmin olunmaması barədə qərar qəbul edilib. Əlayif Həsənov həmin qərardan apellyasiya şikayəti verib.
Apellyasiya Məhkəməsində avabdeh tərəf kimi Vəkillər Kollegiyasının İxtisas Komissiyasının nümayəndəsinin iştirakı olmadan proses davam etdirilib.
Əlayif Həsənov birinci instansasiya məhkəməsində verdiyi vəsatəti şifahi olaraq bir daha məhkəmə kollegiyasının nəzərinə çatdırıb. O, xahiş edib ki, VK-nın İxtisas Komissiyasının müvafiq iclasının protokolu və stenoqramı məhkəməyə təqdim olunsun.

Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin etməyib. Öz qərarını belə əsaslandırıb ki, siz müraciət edib, İxtisas Komissiyasında protokolla tanış ola bilərdiniz.
Əlayif Həsənov çıxışında vəsatətin təmin olunmasının əslində məhkəməyə lazım olduğunu bildirib: “Tutaq ki, mən vəsatətlə yerində tanış oldum. Orada onun surətinin çıxarılmasına imkan verilmir. Mən istərdim ki, siz onunla tanış olasınız. Odur ki, apellyasiya şikayətimi müdafiə edirəm. Birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi barədə qərar qəbul etmənizi xahiş edirəm. Mən mübarizəmi davam etdirəcəyəm. Onlar yorulmursa, mən niyə yorulmalıyam?”
Hakimlər müşavirəyə gedib, qayıtdıqdan sonra şikayətin təmin olunmaması, 1 saylı İnzibati İqtisad Məhkəməsinin qərarının qüvvədə saxlanılması ilə bağlı qərarını elan edib.
Məhkəmədən sonra Əlayif Həsənov azadliq.info-ya açıqlama verib. Bundan sonra kassasiya şikayəti verəcəyini, işi Avropa İnsan Haqları Məhkəməsinə kimi aparaçağını deyib.
Məhkəmədə vəkilə dəstək üçün onun hüquqşünas həmkarları da iştirak edib.