Vəkil Tale Bağırzadəyə işgəncə verilə biləcəyini deyir

Vəkil Yalçın İmanova Tale Bağırzadə və Fuad Qəhrəmanlı ilə görüş icazəsi verilmir

Bu barədə Rakurs TV-ə vəkilin özü məlumat verib. Onun sözlərinə görə, bu gün (24 iyul) Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında adları çəkilən şəxslərlə görüş üçün ona icazə verilməyib. İstintaq təcridxanasının rəisi bildirib ki, görüş üçün yeni order lazımdır. Yalçın İmanov isə müvəkilləri yeni həbsxanaya köçürülənədək hazırkı müqavilənin qüvvədə olduğunu deyir:

"Bu gün görüş üçün Kürdəxanı təcridxanasına getmişdim. Təcridxananın rəisi Rəşid Səfərov mənə bildirdi ki, görüş üçün yeni order lazımdır. Ona dedim ki, müvəkkillərim hələ də Kürdəxanı təcridxanasında olduğu üçün yeni order lazım deyil, bu tələb qanunsuzdur. Onlar digər cəzaçəkmə müəssisələrinə və ya Qobustan həbsxanasına köçürüləndən sonra yeni müqaviləyəə ehtiyac var"

Vəkil təcridxana rəisinə Bakı Apellyasiya Məhkəməsinin qərarının vəkillərə verilmədiyini, bu səbəbdən qərarda nə yazıldığından xəbərsiz olduqlarını bildirib:

"Biz məhkəmənin qərarından məlumatsız olduğumuz halda, yeni müqavilə bağlanması tələbi absurddur. Biz qərarla tanış olmalıyıq ki, ona uyğun olaraq, müqavilə bağlayaq və ya bağlamayaq"

Vəkil bildirib ki, baş verənlərlə bağlı Penitensiar Xidmətə müraciət edəcək, amma onu narahat edən başqa bir ehtimaldır. O, 20 iyulda Bakı Apellyasiya Məhkəməsində baş verən insidentdən sonra Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin işgəncəyə məruz qala biləcəyini deyir:

"Məni narahat edən əsas məsələ Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin işgəncəyə məruz qalması ehtimalıdır. Onlara qarşı fiziki təzyiqlərlə əlaqədar gizlədildiklərinə görə görüşə icazə verilmədiyi istisna olunmur".

Y. İmanova məlumat verilib ki, Appelyasiya Məhkəməsində baş verən insidentdən sonra Tale Bağırzadə, Fuad Qəhrəmanlı, Abbas Hüseyn və Əli Nurəliyev 5 günlük "kars"a salınıb. 

Belə ki, həmin prosesdə hakimin təqsirləndirilənlərə əlavələr etmək üçün icazə verməməsi narazılıqla qarşılanmışdı. Bundan sonra təqsirləndirilənlər hakimə su butulkası və ayaqqabı atmışdılar. Məhkəmə salonunu tərk edən hakimlər təxminən 2 saatlıq fasilədən sonra vəkillərin iştirakı olmadan qərarı elan etmişdilər. Qərara görə, "Nardaran işi" üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb.