Vəkil: Ombudsman Gözəl Bayramlının vəziyyəti ilə bağlı durumu diqqətdə saxlayacağını bildirib - Video

Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə AXCP-nin sədr müavini Gözəl Bayramlının saxlanıldığı təcridxanada ailə üzvləri ilə telefon danışıqlarına qoyulan qadağa ilə bağlı Sabunçu Rayon Məhkəməsinin 3 avqust 2017-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə qapalı keçirilib. Prosesdə Gözəl Bayramlı və vəkili Zibeydə Zəkəriyyəyeva da iştirak ediblər. 

Gözəl Bayramlı məhkəmədə bildirib ki, dünən ombudsman Elmira Süleymanova onunla görüşüb və onun vəziyyəti ilə bağlı durumu diqqətdə saxlayacağını bildirib. Gözəl Bayramlı həmçinin müalicəsinə dünəndən başladığını da qeyd edib.
Qısa sürən müşavirədən sonra hakim Sabunçu rayon Məhkəməsinin qərarının qüvvədə saxlanıldığını elan edib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. G.Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonunun Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb və mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.

 

 
 
 
Söhbətin sonu