Vəkil: "Mehmanın əməliyyat olunması üçün müraciət edəcəyik"

Mehman Hüseynova şəxsiyyət vəsiqəsi verilib

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat yayıb. Rakurs Tv-nin məlumatına görə, iyunun 15-də vəkil Elçin Sadıqov 14 saylı cəzaçəkmə müəssisəsində jurnalist, blogger Mehman Hüseynovla görüşüb.

Vəkilin sözlərinə görə, M.Hüseynov əhvalının yaxşı olduğunu, saxlanma şəraitindən narazılığının olmadığını deyib:

“Mehman sadəcə olaraq əməliyyat olunmağını istəyir və bildirir ki, yenidən ağrıları kəskinləşməyə başlayıb. Həmməruzəçilər gəlib onunla görüşüblər və Mehman Hüseynov onlarla tutulmasının əsassızlığı barədə onlarla ətraflı söhbət edib. Mehman Hüseynov artıq şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Özü bildirdi ki, şəxsiyyət vəsiqəsi ilə təmin olunduğuna görə onun şəxsiyyəti hər kəsə məlumdur və bununla da əməliyyat olma hüququnu da əldə edir. Biz təkrarən onun əməliyyat olunması üçün müraciət edəcəyik”.

Xatırladaq ki, Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib. Jurnalist Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub. 3 may 2017-ci ildə Sabunçu rayon M.Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Aprelin 12-də bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.