Vəkil: "Jurnalistin xanımından icazə almadan evə daxil olublar"

Dünən, iyulun 10-da Sabunçu rayon Məhkəməsində "Jam.az” saytının (Jurnalist Araşdırmaları Mərkəzi) rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun evində qanunsuz axtarış və əşyaların götürülməsiylə bağlı verilən şikayətə baxılıb.
 
F.Fərəməzoğlu bir il əvvəl, 2016-cı il iyunun 30-da saxlanılmış, ardınca onun yaşadığı mənzildə axtarış aparılmış, bəzi əşyalar götürülmüşdü. Jurnalistin vəkilləri bunu qanunsuz saydıqlarından məhkəməyə müraciət ediblər.
 
"İlk növbədə axtarış məhkəmə qərarına əsasən keçirilməli idi, belə bir qərar olmayıb. Axtarışa gələnlər evə sahibindən - jurnalistin xanımından icazə almadan, zorla daxil olublar. Götürmə də tamamilə qanunsuz olub. Hədə qorxu ilə tələb etmədə ittiham olunan jurnalistin evində işlə heç bir əlaqəsi olmayan əşyaları - F.Fərəməzoğlunun övladlarının oyun disklərini, həyat yoldaşının şəxsi əşyalarını, geyimlərini aparıblar”, -  Azadlıq Radiosunun yazdığına görə, bunu vəkil Elçin Sadıqov məhkəmədə bildirib.
 
Məhkəmə qısa sürüb, hakim şikayəti rədd edib.
 
Jurnalistin vəkilləri qərarla razılaşmadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildiriblər.
 
Fikrət Fərəməzoğluna Cinayət Məcəlləsinin 182-ci maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.
 
Lakin jurnalist ittihamı qəbul etmir, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.
 
Jurnalist 7 il azadlıqdan məhrum edilib.
 
F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilmişdi. Həmin vaxt daxili işlər naziri Ramil Usubov şərəf və ləyaqətini ləkələdiyi üçün jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.