Vəkil İntizam Komissiyasında dindirilib

Vəkil İntizam Komissiyasında dindirilib

“Dinləmələrdə şəxsimə qarşı qərəz görmədim”

İctimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Aqil Layıcın cəzalandırılması üçün artıq prosesdur başlayıb. Vəkillər Kollegiyasının İntizam Komissiyası “Azvision.az” saytının rəhbəri Vüsal Məmmədovun şikayəti əsasında onun barəsində intizam icraatı başladıb.

Haqqında intizam icraatı başlanmasını A.Layıc özü də Meydan TV-yə təsdiqləyib. O bildirib ki, noyabrın 13-də İntizam Komissiyasının üzvlərinə bununla bağlı izahat verib.

V.Məmmədov iddia edir ki, A.Layıc “Facebook” hesabında paylaşdığı fikirlərlə onun şərəf və ləyaqətini alçaldıb. A.Layıcın sözügedən yazısında V.Məmmədovun “Lider” telekanalında tənqidçi jurnalistlər, müxalif siyasətçilərin şəxsi həyatına aid intim görüntülərin yayılması, şərh olunması kimi hərəkətlərindən bəhs olunurdu.

“Həmin şəxslə bağlı fikirlərim mənim şəxsi fikrimdir, ifadə azadlığımın bir parçasıdır, vətəndaş mövqeyimdir. Bundan əvvəl də həmin adam cəmiyyətdə insanların intim videosunu şərh etməsinə, verilişini intim video üzərində qurmasına görə qınanılıb. Mən də onu belə tanımışam və fikrimdə mənfi assosiasiya yaradıb. Yenə də həmin fikirdəyəm. Ona qarşı işlətdiyim ibarələr məndən əvvəl də işlədilib və onun fəaliyyəti ilə birbaşa assosiasiya edilir. Bu məsələnin mənim vəkillik fəaliyyətimə aidiyyatı yoxdur”, - deyə vəkil bildirib.

A.Layıcın sözlərinə görə, iclasda İntizam Komissiyasının üzvlərinə də bu haqda fikirlərini çatdırıb, V.Məmmədovun onun vəkillik fəaliyyətinin obyekti və subyekti olmadığını vurğulayıb: “Vəkillərin İntizam Komissiyasinda iclas normal keçdi, dinləmələr oldu, şəxsimə qarşı bu mərhələdə qərəz görmədim, amma qərar hələ elan edilmədi. Ümid edirəm ki, qərar ədalətli və ifadə azadlığım yönündə olacaq. Bir daha deyirəm, mən ifadə azadlığımdan istifadə etmişəm, yazdıqlarım şəxsi qiymətləndirməmdir. Şəxsi qiymətləndirməmin isə vəkillik fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Mənim üçün bu ölkədə ən ali dəyər hüququn aliliyinin təmin olunmasıdır. Hüquq hər kəsə lazımdır. Məndən şikayət edən, özünü jurnalist adlandıran şəxs başa düşməliydi ki, insanların şəxsi həyatını, intim videolarını efirdə yaymaq, şərh eləmək hüququn ali dəyərlərinə, mənəviyyata ziddir. Vətənini ən çox sevən hüquqlara hörmət edəndir”.

Noyabrın 10-da “Facebook”da vəkil A.Layıcla Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov arasında mübahisə olmuşdu. A.Layıc şəxsi hesabında Rusiyanın silahlı qüvvələrinin Azərbaycan ərazisinə yerləşdirilməsinə etiraz xarakterli fikirlərini paylaşmış, A.Bağırov bu fikirləri dövlətçiliyə zidd hesab etmişdi. A.Bağırov vurğulamışdı ki, prezidentin qərarları müzakirə olunmamalıdır. Buna görə Vəkillər Kollegiyasının sədri ilə bir sıra sosial şəbəkə fəalları arasında da mübahisə yaranmışdı.

A.Layıc siyasi fəal Tofiq Yaqublu, AXCP üzvləri Ramid Nağıyev, Aqil Məhərrəmov və digərlərinin hüquqlarını müdafiə edir.

Facebook