Vəkil hakimdən Fuad Əhmədlinin dindirilməsini istədi

Avqustun 31-də AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin apellyasiya şikayətinə baxılıb. Şikayət Səbail rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qərarından verilib.

Rakurs TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasına hakim Vaqif Mursaqulov sədrlik edib. 

Vəkil Aqil Layıcovun Əmirlinin müdafiəçisi qismində çıxış etməsinə hakim imkan verməyib. Bunu təqsirləndirilənin ona ayrıca order verməməsi ilə əsaslandırıb. Vəkil isə bildirib ki, iş materiallarında onun orderi var, həmin sənəd isə bütün instansiyalar üçün keçərlidir: "Sizin tələbinizin hüquqi əsası yoxdur. Qanunda yazılmayıb ki, apellyasiya məhkəməsi üçün ayrıca order verilməlidir".

Digər vəkil Fəxrəddin Mehdiyev məhkəmədən Faiq Əmirlinin səhhətində yaranmış problemlərin və iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində verilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini, həmçinin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılmasını istəyib:

"İttiham aktında yazılıb ki, guya AXCP üzvü axtarış zamanı təhlükəsizlik xidmətinin əməkdaşları Fuad Əhmədlinin evindən Gülən qrupuna aid şəxslərin siyahısını tapıb, orada Faiq Əmirlinin də adı olub. Sonradan Fuada Gülənə aid ittiham verilmədi, Faiqin işində isə bu məsələ qaldı. Ona görə vəsatət qaldırdıq ki, Fuad Əhmədli dindirilsin, görək belə bir siyahı həqiqətən olubmu? Orada Faiqin adı olubmu? Birinci instansiya məhkəməsi təmin etmədi. Əgər siz Gülən ittihamı ilə bağlı həqiqətən araşdırma aparmaq istəyirsinizsə, bu adamlar mütləq dindirilməlidir", - deyə vəkil bildirib.

Müşavirəyə gedən hakim məhkəmənin 14 sentyabr saat 15:00-da davam edəcəyini elan edib.

Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə 3 il 3 ay həbs cəzası verilib. O, ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona CM-nin 283.1-ci maddəsi (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) üzrə ittiham irəli sürülüb. Daha sonra CM-nin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.