Vəkil: Avropa Məhkəməsinin Gözəl Bayramlı ilə bağlı qərarı icra edilmir

Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə ona ödəniləcək pul kompensasiyasını ala bilmir. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

O xatırladıb ki, bu ilin fevralında AİHM G.Bayramlının 2011-ci il 17 aprel və 2013-cü ilə 26 yanvarda etiraz aksyaları zamanı özbaşına saxlanması və polis zorakılığına məruz qalması ilə bağlı şikayətini təmin edib.

Strasburq məhkəməsi mənəvi zərərə və məhkəmə xərclərinin ödənilməsinə görə kompensasiya təyin edib.

Bundan öncə bildirilmişdi ki G.Bayramlıya ümumi məbləği 15 900 avro kompensasiya təyin edilib.

“Strasburq məhkəməsinin qərarı bir ay öncə qüvvəyə minib, ancaq icra edilmir”, vəkil qeyd edib.

Həbsdə olan G.Bayramlı kompensasiyanı almaq üçün yaxınlarından birinə etibarnamə verməlidir. Ancaq təcridxana rəhbərliyi bu notarial aktın həyata keçirilməsinə şərait yaratmır.

Vəkil müvafiq orqanlara müraciət etsə də, cavab almayıb.

E.Sadıqov G.Bayramlının səhhətilə bağlı problemin qaldığını bildirib.

O deyib ki, bu yaxınlarda təcridxanada G.Bayramlya baş çəkən ombudsman ona keyfiyyətli tibbi yardımın göstərilməsi üçün şərait yaradılacağını vəd edib.