Vəkil: 4 uşaq anası ''Bandotdel''də saxlanılır

İradə Cavadova nazirə müraciət etdi

Vəkil İradə Cavadova Daxili işlər naziri Ramil Usubova müraciət edib. Məktubda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının 4 yaşlı uşağın anası olan gənc qadına qadına qarşı qanunsuzluqlarından, vəkilin öz müvəkkilinin yanına buraxılmamasında bəhs olunur.

Vəkil İradə Cavadova məktubunda yazır:

“Hüquqlarını müdafiə etdiyim 1989-cu il təvəllüdlü, Binə qəsəbəsində yaşayan Mürsəlova Könül İlham qızı 19 aprel 2018-ci ildə hüquqlarının müdafiəsi üçün mənə müraciət edib və biz müqavilə bağlamışıq. K.Mürsəlova rəfiqəsi ilə birlikdə etibarnamə almaq üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən notariat kontoruna gedib. Həmin gün saat 11-12 radələrində Notariat kontorunun yanında 3 nəfər tanımadığı şəxs onun qolundan tutaraq zorla özünün idarə etdiyi “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə mindirərək rəfiqəsi ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Saat 20.00 radələrində Könülün rəfiqəsini idarədən buraxıblar.

Daha sonra, gecə vaxtlarında Könül anasına zəng edərək həmin idarədə olduğunu və 10 min manatın dələduzluqla ələ keçirilməsi ittihamının zorla boynuna qoyulduğunu, hansısa ərizəyə məcburən imza atdığını bildirib. Könül Mürsəlovanın anası mənə zəng edərək bu barədə və DİN-in 102 qaynar xidmətinə zəng etdiyini bildirdi.

Könül Mürsəlovanın anası gecə saatlarında Abşeron rayon Polis İdarəsinə çağırılaraq izahatı alınıb. 20 aprel 2018-ci il səhər saatlarından başlayaraq mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, özünü Ramil Məmmədov kimi qələmə verən şəxslə əlaqə saxladım və müdafiə etdiyim şəxslə görüşmək istədiyimi bildirdim. Lakin o, mənə Könül Mürsəlovanın İdarədə olmadığını, bu barədə məlumatsız olduğunu və hətta 1-ci gün İdarədə Könüllə məni gözləyəcəyini bildirdi.

Könül Mürsəlovanın qanunsuz olaraq BMCMİ-yə aparılması və orada saxlanılması, müdafiəçisi olmadan dindirilməsi ilə bağlı şikayəti Sizə elektron formada göndərmişəm. Eyni zamanda, Könül Mürsəlovanın anası Sizə və İnsan hüquqları üzrə Müvəkkilə də yazılı şikayət edib, Abşeron RPİ-də izahat verib. Lakin bir sutkadır ki, Könül Mürsəlovanın harada olması barədə heç bir məlumatımız yoxdur və onunla görüşə bilmirəm.

Mən dəqiq bilirəm ki, o, hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Çünki özü 19 aprel 2018-ci ildə anasına zəng edərkən orada olduğunu bildirib, lakin İdarə bunu təkzib edir və mənim onunla görüşməyimə imkan yaratmır.

Hətta qeyd edim ki, Könül Mürsəlovanın idarə etdiyi “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi də idarədə saxlanılır. Könül anasına zəng edərkən hazır ərizələrə imza atmadığı təqdirdə nəqliyyat vasitəsinə narkotik vasitə atılacağı ilə hədələndiyini bildirib.

Hörmətli cənab nazir! Prezident İlham Əliyev və Siz dəfələrlə ölkədə qanunçuluğun və ictimai qaydanın möhkəm şəkildə qorunduğunu və sabitlik hökm sürdüyünü bildirirsiniz. Mən mətbuat vasitəsilə Sizə müraciət edərək, Könül Mürsəlovanın harada saxlanılması, mənim onunla görüşməyimə şərait yaradılmasına göstəriş verməyinizi xahiş edirəm”.

meydan.tv