Vidadi İsgəndərlinin bacısı Əliyevlərə müraciət edib

O, atasının məzarını təhqir edənlərin cəzalandırılması tələb edir

Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin rəhbəri, hazırda mühacirətdə olan hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Vidadi İsgəndərlinin bacısı Nüşabə Əhmədova prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

“Bastainfo”nun yaydığı məlumata görə, Nüşabə Əhmədova müraciəti 95 yaşlı anası Həbibə İsgəndərova və bacıları adından etdiyini xatırladaraq atası İsgəndər İsgəndərovun məzarını təhqir edənlərin cəzalandırılmasını istəyib.

O, bildirib ki, martın 4-də atasının qəbri göstərilməklə təhqir olunub:

“Atam İsgəndərov İsgəndərov Qasım oğlu ikinci dünya müharibəsində iştirak edib. Atam müharibədə göstərdiyi qəhrəmanlığa görə SSRİ Müdafiə Nazirliyininn Böyük Vətən Müharibəsi birinci dərəcəli ordeninə layiq görülüb. Müharibədən qayıdandan sonra atam ədliyyə orqanlarında çalışmış və sayılan insanlardan olub. Hörmətli prezident və birinci vitse-prezident hansı məqsədlərlə hazırlanmasından asılı olmayaraq atamın müqəddəs ruhunu təhqir edənlər tapılıb cəzalandırılsın”.

Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

Həmin görüntüdə bir neçə gənc məzarlığa gedərək qəbri təhqir edir və məzarın Vidadi İsgəndərlinin atasına məxsus olduğu bildirilir. Şəxslər bunu hazırkı prezident İlham Əliyev və eks-prezident Heydər Əliyevi dəstəklədikləri üçün etdiklərini deyir, hakimiyyəti tənqid edən Vidadi İsgəndərlini bu cür cəzalandırdıqlarını bəyan edirlər.