Üzeyir Cəfərov: "Ermənistan sadəcə icraçı rolunda olub"

Xəbər verdiyimiz kimi erməni separatçılarının dünən gecə Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində - 1967-ci il təvəllüdlü Sahibə və 2015-ci il təvəllüdlü Zəhra Quliyevalar həlak olub. 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə qəlpə yarası ilə xəstəxanaya çatdırılıb. Hadisə ölkəmizdə çox böyük hiddətlə qarşılanıb. Baş vermiş faciəyə hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərovun münasibətini öyrəndik. O, Rakurs TV-yə bunları dedi: 

“Mən hesab edirəm ki, dünən Füzuli rayonun Alxanlı kəndində baş vermiş faciədə Ermənistan sadəcə icraçı rolunda olub. Sifarişçilər isə sözsüz ki, kənardadılar və onların başında heç kimə sirr deyil ki, rəsmi Moskva durur. Ona görə də, cəbhədə nə baş verirsə, mən hesab edirəm ki, bu daha çox Ermənistanın havadarlarının istək və arzuları hesabına baş verir”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Azərbaycan silahlı qüvvələri bu vəhşiliyi cavabsız qoymayacaq: 

“Sözsüz ki, bu vəhşilik cavabsız qalmayacaq və qalmamalıdır. Hesab edirəm ki, Ermənistan tərəfi bu cinayətə görə çox sərt və amansız şəkildə cəzalandırılmalıdır. İnanıram ki, silahlı qüvvələrimiz yaxın saatlarda düşmənin bu vəhşiliyinin necə baha başa gələcəyini onlara başa salacaq. Bu dəfə ermənilər bu hərəkətlərinə görə çox acı peşimançılıq çəkməli olacaqlar".