Uşaqlarını I sinfə qəbul etdirmək istəyən valideynlərin NƏZƏRİNƏ

I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində (19 mart, saat 15:00-dan -- 27 mart, saat 10:00-dək) fəaliyyət göstərməyəcək.
 
Operativ.tv-nin xəbərinə görə, bu barədə məlumatı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə yayıb.
 
Qeyd edək ki, martın 13-dən dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna başlanılıb.
 
Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə ərizələrin onlayn qeydiyyatı bu gündən sentyabrın 15-dək həyata keçirilir.
 
Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunublar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndərilib.
 
Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi mektebeqebul.edu.az saytı vasitəsilə valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində aparılır.