Ukraynanın daxili işlər nazirinin müavini: Kolesnikovanı Belarusdan çıxarmaq mümkün olmadı

Ukraynanın daxili işlər nazirinin müavini: Kolesnikovanı Belarusdan çıxarmaq mümkün olmadı

Anton Qeraşenko Kolesnikovanın həyat və sağlamlığına görə məsuliyyətin şəxsən Lukaşenkonun üzərində olduğunu bildirir

“Mariya Kolesnikovanı Ukraynaya göndərmək mümkün olmayıb, o, özü buna qarşı çıxıb”.

Bu haqda “Facebook”da Ukraynanın Daxili işlər nazirinin müavini Anton Geraşenko yazıb.

Müxalifətin koordinasiya şurasının üzvü olan Kolesnikova 9 avqust tarixində keçirilmiş prezident seçkiləri öncəsi Aleksander Lukaşenkoya qarşı güclərini birləşdirən və Belarusda qalmış üç müxalif qadın siyasətçinin sonuncusudur. Lukaşenkonun sərt tənqidçisi olan Kolesnikova həftələrdir davam edən kütləvi nümayişlərdə mühüm rol oynayıb. Lukaşenko seçkilərin onun rəhbərliyi altında saxtalaşdırılması iddiasını rədd edir və xarici qüvvələri onu devirməyə çalışmaqda günahlandırır.

“Bu, könüllü səfər deyildi, doğma vətəndən zorən çıxıb getmək idi. Mariya Kolesnikovanı Belarusdan ona görə çıxarmaq mümkün olmadı ki, bu cəsur qadın onun sərhəddən keçirilməsinə qarşı çıxdı. O, Belarus Respublikasının ərazisində qaldı. Aleksandr Lukaşenko onun həyat və sağlamlığına görə məsuliyyət daşıyır”, – ukraynalı məmur yazıb.

Ukraynalı sərhədçilər təsdiqləyiblər ki, Kolesnikova ilə birgə göndərilən Anton Rodnenkov və İvan Kvarsov onların ərazisinə gəlib çıxıb. “İnterfaks-Ukrayna”nın məlumatına görə, Kolesnikova sərhəddə öz pasportunu cırıb və bu səbəbdən onu deportasiya etmək mümkün olmayıb.

Bununla yanaşı, Sərhəd Komitəsinin mətbuat xidməti bəyan edir ki, Mariya Kolesnikovanın harda olduğunu bilmir. “Mətbuat xidmətində indi bu sualın cavabı yoxdur. Araşdırıldığını bilirəm. Və blirəm ki, Kolesnikovanı orda maşından kənara atdıqlarına rəğmən, sağlamlığı ilə bağlı heç bir problemi yoxdur”, – Sərhəd Komitəsinin nümayəndəsi Anton Bıçovski Avropa radiosuna şərhlərində deyib.

O, Mariya Kolesnikova, Anton Rodnenkov və İvan Kvarsov Belarusu tərk edərkən Belarus-Ukrayna sərhədində baş vermiş olayların rəsmi versiyasını danışıb.

“Aleksandrovka” buraxılış məntəqəsi Ukrayna sərhədində yerləşir. Ordan dövlət sərhədinə hələ 6 km var. Sərhəddən keçmənin sərhədçilərin nəzarəti altında baş tutması üçün bu aralıqda ordakı vəziyyətə nəzarət edən əlavə iclas təyin edilir. Həmin iclasda sərhəd zonasında və zolağında olanların sərhədi qanuni keçib-keçməməsi yoxlanılır.

"Bu gün nə baş verib. Saat beş radələrində Belarus müxalifətinin koordinasiya şurasının üzvləri olan Kolesnikova, Rodnenkov və Kravsov “Aleksandrovka” buraxılış məntəqəsində çıxışa sərhəd nəzarətindən keçiblər. Nəzarətin bütün növlərindən keçiblər. Buraxılış məntəqəsindən bax elə bu altı kilometrlik yola çıxıblar və Ukrayna tərəfə gediblər. Yolda qarşılarına sərhəd dəstəmiz çıxıb. Bu dəstəsinin vəzifəsi hər şeyin qaydasında olub-olmadığını yoxlamaqdır.

Nəqliyyat vasitəsi sərhəd dəstəsinin qanuni tələblərini yerinə yetirmək əvəzinə sürəti artırır, hərbi qulluqçunun həyatına təhlükə yaradır və faktiki olaraq Ukrayna ərazisində gözdən itir. Bu zaman Kolesnikova nəqliyyat vasitəsi xaricində olur. Görünür, onu avtomobil sürət yığmazdan öncə itələyiblər.

Beləcə, Kravsovla Rodnenkov qonşu ölkənin ərazisinə keçib. Vətəndaş Kolesnikovanı isə saxlamaq mıəcburiyyətində qaldıq. Hazırda bu hadisə ilə bağlı araşdırma aparılır və ona hüquqi qiymət veriləcək”, – Bıçovski deyib.

Daha əvvəl Sərhəd Komitəsi xəbər verib ki, guya Əlaqələndirmə Şurasının adı çəkilən hər üç üzvü Belarusu tərk edib. Sonra Kolesnikovanın Belarusda qaldığı və saxlanıldığı müəyyənləşdirilib. O, bundan əvvəl mübarizə yoldaşlarına bəyan edib ki, Belarusu tərk etmək niyyətində deyil. Əlaqələndirmə Şurasının daha bir üzvü Olqa Kovalkova həmçinin eyni bəyanatla çıxış edib.