Ukrayna Sərhəd Xidmətinin sözçüsü: “Mixeil Saakaşvili ölkəyə buraxılmayacaq”

"Ukrayna sərhədçiləri Mixeil Saakaşvilini etibarsız pasportla ölkəyə buraxmayacaqlar".

“Report” xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin sözçüsü Oleq Slobodyan “İnterfax-Ukraina”ya bildirib.

Onun sözlərinə görə, belə halda etibarsız pasport müsadirə edilir, həmin şəxs isə ölkə ərazisinə buraxılmır: “Belə bir şəxs gəldiyi yerə geri dönməlidir”.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixeil Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacağını vəd edib.

Xatırladaq ki, cari il iyulun 26-da Ukrayna prezidenti Pyotr Poroşenko onu ölkə vətəndaşlığından məhrum edib.