Ukrayna ictimaiyyəti Fikrət Hüseynli ilə bağlı müraciət etdi

Ukrayna ictimai təşkilatları jurnalist Fikrət Hüseynlinin Azərbaycana ekstradisiyasına qarşı çıxıblar.
 
Onlar Ukrayna Baş Prokurorluğuna müvafiq müraciət göndərərək jurnalistə qarşı yoxlamanın təcili başa çatdırılmasını və maneəsiz olaraq Niderlanda getməsinə şərait yaradılmasını xahiş ediblər.
 
"Turan”-ın yaydığı məlumata görə, müraciətdə deyilir ki, Ukraynada jurnalistə ciddi təhlükə var. Belə ki, martın 5-də Kiyevdə naməlum şəxslər onu oğurlamaq istəyiblər.
 
Müraciət müəllifləri xatırladırlar ki, AŞPA-nın qətnaməsində F.Hüseynlini Bakıda gözləyən təhlükə ilə bağlı narahatlıq ifadə olunur.
 
Onlar Prezident Administrasiyasını, Ukrayna XİN-i F.Hüseynlinin hüquq və azadlıqlarının təmin olunması üçün hər şeyi etməyə çağırırlar.
 
Müraciəti Kütləvi İnformasiya İnstitutu, İnsan Hüquqları Platforması, İnsan Hüquqları İnformasiya Mərkəzi, Media Detektoru, Demokratiya və Qanunun Aliliyi Mərkəzi, "İnternyus-Ukrayna" imzalayıblar.
 
F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın sorğusu əsasında İnterpol xəttilə saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.
 
Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.
 
Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.
Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apelyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.
 
Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.