Ukrayna baş nazirinin müavini ukraynalı deputatların əvəzinə Azərbaycandan üzr istəyib

Ukraynanın baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin ukraynalı parlamentarilərin AŞPA-da Azərbaycan əleyhinə olan qətnaməyə səs verməsindən təəssüfləndiyini bildirib və onların bu hərəkətini milli maraqlara vurulan zərbə kimi dəyərləndirib.

Gununsesi.info xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin Ukrayna nümayəndə heyətinin üzvlərinin Azərbaycana qarşı qəbul edilən  qətnamə ilə bağlı mövqeyini bildirərək, bu hərəkətə görə Azərbaycan tərəfindən üzr istəyib.

O bildirib ki, ukraynalı parlamentarilərin Azərbaycan əleyhinə olan belə bir qətnaməyə səs verməsi rəsmi Kiyevi təəssüfləndirir. Ukraynalı nazir eyni zamanda, onların hərəkətinin Azərbaycanla Ukrayna arasında olan mövcud münasibətlərə təsir etməyəcəyini və onların bu hərəkətinin Ukrayna dövlətinin rəsmi mövqeyi olmadığını dilə gətirib: “Ukraynalı parlamentarilərin bu mövqeyi iki ölkə arasındakı münasibətlərə hər hansı formada xələl gətirməyəcək”.

E.Axundova onu da əlavə edib ki, Ukrayna-Azərbaycan parlamentlərarası qrupun rəhbəri məsələ ilə bağlı mövqeyini açıqlayacaq.