Türkiyənin məşhur media holdinqi Ərdoğanın dostuna satılır

Türkiyənin ən böyük media holdinqlərindən birinin prezident Rəcəb Tayyip Ərdoğana yaxın maqnata satılması üçün danışıqlar başlanıb. Bu, Türkiyədə hökumətin mətbuat üzərində nəzarətini daha da gücləndirə biləcəyi sarıdan narahatlığı artırıb.

Doğan Holdinq martın 22-də yaydığı bəyanatda bildirib ki, “Dogan Media Group”un Ərdoğan Dəmirörənə məxsus “Demiroren Group”a 1 milyard dollara satılması üzrə danışıqlar başlanıb.

Türkiyənin əksər tanınmış media orqanları “Dogan Media Group”un tərkibindədir. Buraya “Hürriyet” qəzeti, “Fanatik” idman qəzeti, “CNN-Türk” xəbər xidməti, “Kanal-D” televiziyası daxildir.

“CNN-Turk” və “Hürriyet” hökumətə qarşı çıxmasa da, son illər redaktə siyasətində nisbətən müstəqil olublar. “Demiroren Holding” isə prezident Ərdoğana dostyana münasibətiylə seçilir.

azadliq.org